Suriyadan çəkilməyə hazılaşan ABŞ təxminən 200 hərbçisini müvəqqəti olaraq bölgədə saxlayacaq. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev sözçüsü Sarah Sanders bununla bağlı xüsusi açıqlama yayıb.
Sanders 200 hərbçidən ibarət kiçik bir qrupun Suriyada hələ bir müddət qalacağını deyib.
Xəbər verilir ki, Ağ Evin “sülhməramlılara” dair bəyanatından əvvəl ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub. Mövzu ilə əlaqədar təfərrüatlı məlumat verilməyən açıqlamanın Ərdoğan-Tramp telefon görüşündən dərhal sonra verilməsi də diqqət çəkir.
Tramp ötən ilin dekabrında Ərdoğanla telefon görüşündən dərhal sonra ABŞ əsgərlərinin Suriyadan çıxarılacağını deyib. “Amerikanın səsi” yazır ki, Tramp 2000 ABŞ əsgərinin Suriyadan çıxarılacağını bəyan etməklə ABŞ millət vəkillərini və Vaşinqtonun müttəfiqlərini təəccübləndirmişdi. Tramp bildirmişdi ki, əsgərlərin Suriyada bundan sonra da saxlanmasına ehtiyac yoxdur, belə ki, İslam Dövləti ekstremist qrupu üzərində tam qələbə əldə edilib. Trampın bu qəfil qərarı Respublikaçılar, Demokratlar və bəzi xarici rəsmilər tərəfindən tənqid edilir. Onlar bildirirlər ki, ABŞ qoşunlarının çıxarılması İŞİD-lə mübarizədə müttəfiq olmuş kürd qüvvələrini Türkiyə silahlı qüvvələri ilə qarşı-qarşıya qoyacaq.
Tənqidçilər deyir ki, Tramp bu qərarı ilə qələbəni Rusiya və İrana “hədiyyə” edib.
Media bildirir ki, Trampın yaxın məsləkdaşı, respublikaçı senator Linsi Qraham bu ideyanı eşitdiyi ən böyük “ağısızlıq” adlandırıb.
ABŞ-ın müvəqqəti müdafiə naziri Patrik Şanahan İŞİD-in yenidən dirçəlişi, Türkiyənin kürd qüvvələrinə qarşı hücumları və bunun İranın Suriyada mövcudluğuna xidmət edəcəyini etiraf etsə də, ABŞ-ın Suriyada müşahidə qüvvəsi kimi qalacağını bildirib.
Şanahan bunu Pentaqonda Belçikanın müdafiə naziri Didiyer Reynderslə görüşündən sonra deyib. Belçikalı nazir isə bildirib ki, ABŞ müttəfiqləri Suriyaya qüvvə göndərilməsindən qəti şəkildə imtina etməyib.
Qərb mətbuatı bir müddət əvvəl yazırdı ki, Suriyadan çəkilməyə hazılaşan Vaşinqton Avropadakı müttəfiqləri ilə birlikdə yeni koalisiya yaratmağa hazırlaşır. ABŞ xüsusilə Böyük Britaniya, Fransa və Almaniyanın bölgəyə əsgər göndərməsinə çalışır. Vaşinqton bölgədən çəkildikdən sonra, Türkiyə ilə sərhəddə yaradılması planlaşdırılan bufer zonaya onların nəzarət etməsini istəyir. İki gün əvvəl isə, Trampın çəkilmə qərarından sonra Avropadakı müttəfiqlərinə “yerimizi siz tutun, bölgədə varlığınızı davam etdirin” dediyini yazan “Washington Post” qəzeti, ABŞ prezidentinin Avropadan gözləmədiyi cavab aldığını bildirirdi. Avropa liderləri ABŞ qüvvələri Suriyanı tərk etdikdən sonra boşluğu doldurmaq niyyətində olmadını bildirib. Qəzet adı açıqlanmayan rəsmi şəxslərə istinadən, Avropa liderlərinin Trampa “əgər siz çəkilsəniz, biz də bölgədə qalmayacağıq” söylədiyini yazıb.
Qəzetə açıqlama verən rəsmi şəxslər bu reaksiyadan sonra Trampın bir qrup ABŞ əgərini bölgədə saxlaya biləcəyini bildirmişdi.