II İkinci Dünya Müharibəsində nasist hökuməti ilə əməkdaşlıq edən onlarla Belçika və Böyük Britaniya vətəndaşının hələ də Almaniyadan pensiya aldıqları ortaya çıxıb.
Baki-xeber.com Euronews-a istinadən xəbər verir ki, Belçika parlamentinə bununla bağlı sənəd təqdim edilib.
Sənədə görə, Belçika və Britaniya rəsmiləri Almaniyadan pensiya alan vətəndaşların kimliyini bilmir. Onların kim olduqlarını yalnız Almaniyanın bu ölkələrə təyin edilən səfirləri bilir. Bu da pensiya alan bu insanların vergi ödəmədiyini göstərir. Sənədə görə, təxminən 30 belçikalı Almaniyadan müavinət alır, Britaniya vətəndaşlarının sayı isə bilinmir.
Qeyd edilir ki, pensiya alanlar Almaniyanın Belçikanı işğal etdiyi vaxt Hitlerə sadiqlik andı içib və SS-ə xidmət etmək üçün müqavilə də imzalayıblar. Bu insanların Belçika məhkəmələrində günahkar kimi tanıdığı da məlum olub.
Belçikada bir qrup millət vəkili Məclisdə hökumətin mövzu ilə bağlı Almaniya ilə müzakirə aparmasını təklif edib və təklif qəbul edilib.
Bu insanların 435-1275 avro arasında pensiya aldıqları bidirilir. Sənəd müəllifinə görə, Hitlerin pensiya ödənməsi üçün verdiyi təlimat 1945-ci ildə Postdam Konfransında ləğv edilməmiş yeganə sənəd sayılır.