Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin Kəşfiyyat rəhbəri Abdullah es-Sennusi Fransanın keçmiş prezidenti Nikola Sarkozinin seçki kampaniyası üçün Qəddafidən 8 milyon dollar aldığını açıqlayıb.
Baki-xeber.com xarici nediaya istinadən xəbər verir ki, Fransanın “Mediapart” saytı, fransız hakimlərin Liviyanın keçmiş liderinin kəşfiyyat rəhbəri, eyni zamanda qaynı Abdullah es-Sennusi ilə görüşdüyünü yazıb.
Görüşdə, Sennusi hakimlərə Qəddafinin seçki kampaniyası üçün Sarkoziyə 8 milyon dollar yardım etdiyini deyib. Kəşfiyyat rəhbəri Qəddafinin Sarkoziyə pul transferini şəxsən özünün idarə etdiyini bildirib. "Sarkozi, verilən bu pullar qarşılığında Qəddafinin beynəlxalq imicinin düzəldilməsi, Qəddafi və köməkçiləri haqqındakı məhkəmə çəkişmələrinə xitam verilməsi, saxlanılma ilə bağlı qərarların ləğv edilməsi barədə söz verib” – Sennusi deyib.
Qeyd edilir ki, Sarkozi 2007-ci ildə vəzifəyə gəldikdən sonra Qəddafini Fransada görkəmli bir şəkildə qonaq kimi qəbul edib.
Prezidentlik dövrü hələ də araşdırılan və maliyyə qalmaqalları ilə ləkələnən Sarkozi ötən ilin martında Qəddafidən milyonlarla dollar pul aldığına dair iddiaları rədd etmişdi. Sarkozi, Qəddafidən aldığı maliyyə yardımının 45 min dollardan az olduğunu və bu məbləğin seçki kampaniyasının kiçik bir hissəsini təşkil etdiyini iddia edirdi.
“Ərəb Baharı”nın dövründə liviyalıların Qəddafi rejiminə qarşı etirazları başladıqda, Nikola Sarkozinin prezidenti olduğu Fransa, Birləşmiş Millətlər Təşkilatının qərarını gözləmədən Liviyaya hava hücumlarına başlamışdı.