İraqdakı hərbi mövcudluğu ilə bağlı ciddi mübahisələrə səbəb olan ABŞ Kərkükdəki K1 Hərbi Bazasını əlavə qüvvə göndərərək möhkəmləndirdiyi iddia edilir.
İraq Nazirlər Kabinetinə tabe olan və əsasən şiələrdən ibarət olan "Haşdi Şabi"nin şimal bölgəsi üzrə nümayəndəsi Məhəmməd Mehdi Bayatlı Kərkükdə keçirdiyi mətbuat konfransında ABŞ-ın ağır silahlar və zirehli texnikalarla K1 Hərbi Bazasını möhkəmləndirdiyini bildirib.
ABŞ-ın Kərkükdəki hərbçilərin sayının Enbardakı Aynul Əsəd Bazası ilə eyni olduğunu deyən Bayatlı Bağdad rəhbərliyindən əsgərlərin hansı əsasla şəhərdə olduqlarını açıqlamasını tələb edib.
Bayatlı ABŞ hərbçilərinin Kərkükün Havice qəsəbəsində bir neçə dəfə patrul nəzarəti həyata keçirdiklərini də deyib.
Qeyd edək ki, dekabrın 26-da İraq rəsmilərindən xəbərsiz Enbardakı hərbi bazaya səfər edən ABŞ prezidenti Donald Tramp Amerika qüvvələrinin ölkədən çıxmayacağını açıqlamışdı. Tramp daha sonra verdiyi açıqlamada hərbçilərinin İraq-Suriya sərhədində İranın fəaliyyətlərini müşahidə edəcəyini bildirmişdi.
ABŞ prezidentinin bu açıqlamasından sonra İraqın İrana yaxın olan şiə liderləri ABŞ-ın ölkədəki mövcudluğuna sərt reaksiya verərək, onların ölkədən çıxarılması ilə bağlı İraq parlamentinə qanun layihəsi təqdim edəcəklərini bildirmişdi.
Qeyd edək ki, ABŞ-ın 2003-cü ildə girdiyi İraqda 2011-ci ilədək 165 min hərbçisi vardı. Bu tarixdən sonra dövrün prezidenti Barak Obamanın göstərişi ilə bütün ABŞ hərbçiləri İraqdan çıxarılmışdı. Lakin terror təşkilatı İŞİD-in 2014-cü ildə ortaya çıxmasından sonra o zamankı İraq baş naziri Nuri əl-Malikinin müraciəti ilə ABŞ yenidən əsgərlərini İraqa göndərib.
ABŞ Dövlət Departamentinin verdiyi son məlumatlara görə, iki ölkə arasında 2014-cü ildə imzalanan hərbi strateji müqaviləyə əsasən İraqda 5 mindən artıq ABŞ hərbçisi var.