PKK/PYD silahlılar Suriyadan çəkilmək qərarı verən ABŞ-ı İŞİD-lə təhdid etməyə başlayıblar.
Baki-xeber.com xəbər verir ki, PKK/PYD nümayəndələri ABŞ-ın ordusunu Suriyadan çıxarmaq planı və Türkiyənin Suriyanın şimal-şərqində kürdlərə qarşı hərbi əməliyyat aparmaq planları ilə bağlı Fransa prezidenti Emmanuel Makronun Suriyada üzrə nümayəndəsi Fransua Senemandla görüşüblər və bu təhdidi də o görüşdə səsləndiriblər
PKK/PYD nümayəndələri xəbərdarlıq edib ki, ABŞ-ın qərarından sonra kürd döyüşçüləri İŞİD-lə döyüşdən geri çəkilmək məcburiyyətində qala bilərlər. Onlara görə, Türkiyə hücum etdiyi təqdirdə əsas kürd hərbi dəstəsi Suriyanın şimal-şərqində həbsxanalarda saxladığı yüzlərlə İŞİD yaraqlısını artıq saxlaya bilməyəcək və nəticədə mümkündür ki, onlar Türkiyəyə, ordan da dünyanın başqa yerlərinə yollanacaqlar: “Biz qorxuruq ki, hər şey nəzarətdən çıxacaq və biz artıq ərazidəki militantların qarşısını ala bilməyəcəyik. Bu isə onların yenidən yayılmasına və Türkiyə sərhədinə, ordan da bütün dünyaya doğru hərəkət etməsinə gətirib çıxaracaq”.
PKK/PYD liderləri ABŞ qoşunlarının Suriyadan çıxarılmasından sonra, Fransanı bölgədə daha aktiv rol oynaması üçün razı salmağa çalışırlar. Onların sözlərinə görə, Fransanın NATO üzvü olaraq Türkiyəninin kürdlərə hücum etməsinin qarşısını almaq kimi mənəvi öhdəliyi (?) var.
Bundan əvvəl isə “New York Times” qəzeti, YPG-nin ABŞ-ın geri çəkilməsinə cavab olaraq nəzarətindəki 7 həbsxanada saxladığı 3200 İŞİD terrorçusunu buraxmaq məsələsini müzakirə etdiyini yazırdı.
Qeyd edək ki, “Suriya Demokratik Qüvvələri” adı ilə tanınan əsasən kürdlərdən ibarət olan qrupun Suriyanın şimalında nəzarət etdiyi ərazilərdəki düşərgələrdə avropalılar daxil olmaqla, müxtəlif milliyətlərdən olan yüzlərlə yaraqlı və onların ailə üzlərini həbs edib.