Noyabrın 25-də Azov dənizində Rusiya ilə Ukrayna arasında baş vermiş hərbi insidentdən sonra bölgədə vəziyyət sürətlə gərginləşir. Baki-xeber.com xəbər verir ki, Rusiya Azov dənizinə raket gəmisi göndərib.
Böyük Britaniyanın müdafiə naziri Qevin Uilyamson isə Qara dənizin Rusiyanın dənizi olmadığını vurğulayaraq, ölkəsinin bölgəyə bir hərbi gəmi göndərdiyini bəyan edib. Nazir, “HMS Echo” hərbi kəşfiyyat gəmisinin Ukraynanın tək olmadığını göstərmək üçün bölgəyə göndərildiyini deyib.
Bu arada Ukrayna parlamentinə Rusiyaya müharibə elan edilməsi tələbini ehtiva edən qanun layihə təqdim edilib. Millət vəkili Vitali Kupri tərəfindən Radaya təqdim edilən layihə "Ukrayna Ali Radasının, Rusiya Federasiyasına müharibə elan edilməsi, bu ölkə ilə diplomatik və nəqliyyat əlaqələrinin kəsilməsi ilə əlaqədar Ukrayna prezidentinə çağırış layihəsi" adlanır.
Rusiyalı senator Frants Klintseviç isə iki ölkə arasında heç vaxt müharibə olmayacağını deyir. “Bu bizim prinsipial mövqeyimizdir, ümid edirəm ki, Avropa da bu məsələdə ağlabatan mövqe tutacaq” - Klintseviç bildirib.