Fransanın paytaxtı Parisin Nanter şəhərətrafı qəsəbəsində 17 yaşlı Nael M.-nin polis tərəfindən öldürülməsindən sonra başlayan etirazlar bütün ölkəyə yayılıb. Dünyaca məşhur mağazaları qarət edən, bankomatları yandıran nümayişçilərdən minə yaxını saxlanıb.
Gərginliyin artması ilə bağlı açıqlama verən və dayandıra bilməyən Fransa prezidenti Emmanuel Makron çarəni küçələrə daha çox polis çıxarmaqda görür: “Etirazlara nəzarət etmək üçün küçələrə daha çox polis çıxaracağıq".
Yeniyetmənin öldürülməsi ilə bağlı sui-istifadənin qəbuledilməz olduğunu bildirən Makron azyaşlıların ailələrinə səslənərək “Uşaqlarınızı küçədən çıxarın” deyib.
Baş verənlərə görə ölkə addım-addım fövqəladə vəziyyətə doğru gedir. Artıq, bütün ölkə ərazisində saat 21:00-dan etibarən avtobus və tramvayların fəaliyyət göstərməyəcəyi açıqlanıb.
Qeyd edək ki, iyunun 27-də polis Nanterre şəhərində “saxla” xəbərdarlığına tabe olmayan avtomobilə atəş açıb və 17 yaşlı sürücünü öldürüb. Məhz bundan sonra şəhərdə etiraz aksiyaları başlayıb. Aksiyalar qısa müddətdə bütün ölkə ərazisinə yayılıb. Polislə qarşıdurmalar yaranıb, yüzlərlə avtomobil və ictimai bina yandırılıb.
TAHİR