Rusiyanı şoka salan "Vaqner" qiyamından sonra ölkədə böhranın əks-sədaları hələ də davam edir. Rusiya mətbuatının iddiasına görə, prezident Putinin ən etibarlı generallarından biri olan Sergey Surovikin Priqojinə yardım etdiyi iddiası ilə həbs edilib.
Rusiyanın müxalifət mətbuatından olan “Moskva Tayms” iddia edib ki, Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanı və Ukraynadakı Rusiya qoşunları komandanının müavini Surovikin "Vaqner"in muzdlu qruplaşmasının qiyamından sonra həbs edilib.
Kreml yönümlü bloger Vladimir Romanov sosial media hesabında Surovikinin 2023-cü il iyunun 25-də, "Vaqner" qiyamından dərhal sonra həbs edildiyini və Moskvadakı Lefortovo İstintaq Təcridxanasında saxlandığını iddia edib.
“Eko Moskviy” qəzetinin keçmiş baş redaktoru Aleksey Venicetov isə iddia edib ki, Surovikin üç gündür ailəsini görmür.
Bundan əvvəl Amerikanın “The New York Times” nəşri yazıb ki, Sergey Surovikinin muzdlu “Vaqner” qrupunun lideri Priqojinin qiyam planlarından öncədən xəbərdar olub.
Amerika Müharibə Araşdırmaları İnstitutu Surovikinin həbsini Rusiya üçün mühüm addım kimi qiymətləndirib. İnstitut ekspertləri bildiriblər ki, xəbərlər doğrudursa, Rusiya hakimiyyəti Surovikindən günah keçisi kimi istifadə edəcək.
Tahir TAĞIYEV