Xəbər verildiyi kimi bir neçə gün əvvəl Rusiyanın muzdlu şirkəti "Vaqner" prezident Putinə qarşı qiyam qaldırmışdı. Belarus lideri Lukaşenkonun vasitəçiliyi ilə razılaşma Rostovda nəzarəti ələ keçirdikdən sonra Moskvaya doğru irəliləyən "Vaqner" qrupunu dayandırmış.
Böhran 24 saat keçməmiş həll olunsa da, "Vaqner" lideri Yevgeni Priqojin Belarusun təşəbbüsü ilə əldə olunan razılaşmadan sonra “qan tökülməməsi üçün” əsgərlərinin öz bazalarına qayıtdığını bildirib. Həmin vaxt Priqojinin Belarusa gedəcəyi və ona qarşı irəli sürülən ittihamların götürüləcəyi açıqlanmışdı.
Ancaq Rusiyadan gələn xəbərlər Priqojin üçün əsl şok effekti yaradıb. Rusiyanın “Kommersant” qəzetinin adının açıqlanmayan mənbəyə istinadən verdiyi məlumata görə, “Vaqner” qrupunun lideri Priqojin silahlı üsyan təşkil etməkdə şübhəli bilinərək Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən istintaqa cəlb olunub.
“Vaqner”in düşərgələrə qayıtması və Priqojinin Belarusa getməsi müqabilində ittihamların götürüləcəyi gözlənilirdi. Ancaq “Kommersant” öz mənbəsinə istinadən vəziyyətin dəyişmədiyini yazıb.
"Vaqner" liderinin harada olduğu da bilinmir. Adətən açıqlama verməkdən çəkinməyən Priqojin hələlik bu haqda heç nə deməyib.
Tahir TAĞIYEV