Rusiyada “Vaqner” muzdlu dəstəsi Putin administrasiyasına qarşı üsyan edib dövlət çevrilişinə cəhd etdikdən sonra bütün dünyanın gözü Rusiyaya çevrildi. Vladimir Putin 25 min əsgərlə Moskvaya doğru hərəkət edən "Vaqner"i xəyanətdə ittiham edib.
Bütün dünyanın yaxından izlədiyi 24 saatlıq üsyan Belarus liderinin müdaxiləsi ilə aradan qaldırıldı. Üsyandan sonra hamı “İndi nə olacaq?” sualına cavab axtarmağa başladı. İlk bəyanat "Vaqner"in lideri Yevgeni Priqojin üsyanına son qoyduqdan sonra verilib.
Heç vaxt Rusiya rəhbərliyini devirmək məqsədi güdmədiklərini bildirən Priqojin, məqsədlərinin "Vaqner"in ləğv edilməsinin qarşısını almaq olduğunu bildirib.
"Yürüşümüzə ədalətsizliyə görə başladıq. Heç bir aqressiya nümayiş etdirmədik, ancaq raketlər və helikopterlərlə vurulduq. Bizi hərəkətə gətirən də bu oldu", - Priqojin bildirib.
Priqojin "Telegram"dakı açıqlamalarında daha sonra deyib: "Rus əsgərlərinin qanını tökməmək üçün qayıtdıq. Rusiya aviasiyasını vurduğumuz üçün təəssüflənirik. Xüsusi hərbi əməliyyat zamanı səhvlərə yol verənləri məsuliyyətə cəlb etmək istəyirdik. Bu, Rusiyada ciddi təhlükəsizlik problemlərini göstərdi. İyulun 1-dən etibarən "Vaqner" fəaliyyətini dayandıracağıq”.
Tahir TAĞIYEV