Rusiyada çevrilişə cəhd edən muzdlu qruplaşma “Vaqner”lə qarşıdurma xəbəri gəlməkdə davam edir, ölkədə gərginlik pik həddə çatıb.
Qeyd edək ki, Moskvaya qarşı üsyan edən “Vaqner”in lideri Yevgeni Priqojin bir müddətdir Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovu hədəfə alıb. Son olaraq Priqojin çevrilişə çağıraraq əsgərlərini Rusiya ərazisində küçələrə çıxarıb. Muzdlular Rusiyanın Ukraynaya yaxın şəhərlərindən biri olan Rostovda nəzarəti ələ keçirib. Priqojin Şoyqu və Gerasimovu edam edəcəkləri ilə hədələyib. Putin isə ilk açıqlamasında çox sərt ifadələr işlədib.
Bu arada, bu gün səhər saatlarında Rusiya prezidenti Putinlə Belarus lideri Lukaşenko arasında telefon danışığı olub. Putin belaruslu həmkarına “Vaqner”lə bağlı məlumat verib və dövlət başçıları birgə fəaliyyətlə bağlı razılığa gəliblər.
Əldə olunan razılaşmaların davamı olaraq, Belarus prezidenti öz rabitə kanalları vasitəsilə vəziyyətlə bağlı əlavə məlumat əldə edərək, Rusiya prezidentinin razılığı ilə “Vaqner” rəhbəri Priqojinlə danışıqlar aparıb.
Danışıqlar bütün gün davam edib və Rusiya ərazisində qanlı münaqişənin başlanmasının yolverilməzliyi barədə razılaşmaya gətirib çıxarıb. Lukaşenko Priqojinin Rusiya ərazisində “Vaqner” silahlılarının hərəkətini dayandırmağa və gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razı olduğunu deyib.
Qeyd edilir ki, hazırda masada “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə vəziyyətin sərfəli və məqbul bir həlli var.
Priqojin də qan tökülməməsi üçün hərbi konvoyları bazalara qaytarmaq barədə göstəriş verdiyini açıqlayıb: “Geri dönün əmri verdim”.
Tahir TAĞIYEV