"Vaqner" silahlı qrupunun çevriliş çağırışından sonra Rusiyada vəziyyət gərgin olaraq qalır. Putinlə yaxın dostluğu ilə tanınan “Vaqner”in sahibi və qurucusu Yevgeni Priqojin ölkə rəhbərliyinə qarşı rəsmən müharibə elan edib. Onun çağırışından sonra "Vaqner" və rus ordusu üz-üzə gəlib. Sayısının 60 min olduğu bildirilən "Vaqner" qrupunun Rostov və bir çox şəhərdə əsgərləri küçələrə çıxardığı bildirilir.
Son məlumatlara görə, “Vaqner” Rusiya Cənub Hərbi Dairəsinin Rostovdakı qərargahını mühasirəyə alıb. Yeni video yayımlayan Priqojin qərargah binasına daxil olduqlarını bildirib.
Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Baş Qərargah rəisinin müavini Vladimir Aleksevlə görüşərək tələblərini çatdıran Priqojin “Biz bura gəlmişik. Rostovda nəzarəti bərpa etdik. Biz burada Baş Qərargah rəisi Valeri Gerasimov və Şoyqunu (Rusiya müdafiə naziri) istəyirik. Gəlməsələr, biz burada olacağıq, Rostov şəhərini mühasirəyə alıb, Moskvaya yola düşəcəyik”.
Kadrlarda Yevkurovun Priqojindən döyüşçülərini geri çəkməsini xahiş etdiyi, lakin Priqojinin bu təklifdən imtina etdiyi görünür.
Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, muzdlu "Vaqner" üzvləri Moskvaya getməyi hədəfləyib. Nazirliyin bildirdiyinə görə, artıq "Vaqner" silahlıları şimala doğru hərəkət etməyə başlayıblar.
“Yaxın saatlarda Rusiya təhlükəsizlik qüvvələrinin, xüsusən də Rusiya Milli Qvardiyasının sədaqəti böhranın necə başa çatacağının açarı olacaq”, - nazirlik Twitter-də bildirib.
Tahir TAĞIYEV