Rostovda vəziyyət mürəkkəb olaraq qalır. Trend şənbə günü xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Rostovda vəziyyətin stabilləşməsi üzrə qətiyyətli tədbirlər görülüb. Vəziyyət mürəkkəb olaraq qalır. Mülki və hərbi idarəetmə orqanlarının fəaliyyəti faktiki olaraq bloklanıb", - o deyib.
V.Putin ölkəni müdafiə etmək, konstitusiya nizamını qorumaq üçün hər şey edəcəyini bildirib.
"Silahlı üsyanı təşkil edən və hazırlayanlar, döyüş yoldaşlarına silah qaldıranlar Rusiyaya xəyanət etdilər və buna görə cavab verəcəklər. Bu cinayətə qarışmağa təhrik olunanları isə bu fəlakətli və faciəvi, təkraredilməz səhvi etməməyə, yeganə düzgün seçimi etməyə və cinayətkar fəaliyyətlərdə iştirakı dayandırmağa çağırıram", - Rusiya prezidenti deyib.
Silahlı üsyanı hazırlayanların mütləq cəzalandırılacaqlarını deyə Putin bildirib ki, üsyan təşkil etməyə çalışanlar ölkəni anarxiyaya və qardaş qətlinə, məğlubiyyətə və son nəticədə kapitulyasiyaya sürükləyirlər.
"İstənilən daxili qiyam dövlətçiliyimiz üçün ölümcül təhlükədir. Bu Rusiyaya və xalqımıza zərbədir. Bu cür təhdidlərə qarşı tədbirlərimiz isə sərt olacaq. Bilərəkdən satqınlıq yoluna girmiş hər kəs, silahlı üsyanı hazırlayan, şantaj və terrorçu üsullara əl atan hər kəs mütləq cəzalandırılacaq və qanun qarşısında, xalqımız qarşısında cavab verəcək. Silahlı qüvvələrə və digər dövlət orqanlarına lazımi sərəncamlar verilib. Antiterror xarakterli əlavə tədbirlər hazırda Moskva şəhərində, Moskva vilayətində və bir sıra digər bölgələrdə həyata keçirilir", - o deyib.