İranda alkoqoldan zəhərlənənlərin sayı artıb. İranın Əlborz əyalətində alkoqoldan zəhərlənənlərin sayı 175-ə çatıb. Xarici medianın yazdığına görə, indiyədək 13 nəfər ölüb, daha beş nəfər reanimasiya şöbəsindədir.
“Tasnim” agentliyi bildirib ki, ötən həftə Kərəc şəhərinin (Əlborz əyalətinin inzibati mərkəzi) bir neçə sakini ağır zəhərlənmə əlamətləri ilə tibb müəssisələrinə aparılıb. Həkimlər xəstələrin saxta spirtli içkidən zəhərləndiyini müəyyən ediblər. İran hüquq-mühafizə orqanları içkilərin bazara necə girdiyini araşdırır.
Məlumat üçün qeyd edək ki, İranda 1979-cu ildən spirtli içkilərin istehsalı, satışı və istehlakı qadağan edilib. Maraqlıdır, adıçəkilən ölkədə spirtli içki istehsalı və istehlakı qadağan olduğu halda, araq saxta yolla istehsal olunur və əhali qadağalara məhəl qoymayıb sərbəst şəkildə istehlak edir.
“Saxta araqlar daha çox Tehranda ermənilərin yaşadığı bölgədə hazırlanır, baş verən hadisələr onu göstərir ki, İran hakimiyyəti bu sahəyə nəzarət edə bilmir”
Mövzu ilə bağlı fikir bildirən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, İranda spirtli içkidən zəhərlənmələr əvvəllər də olub: “Məlumdur ki, son zamanlar məktəbli qızlar belə kütləvi şəkildə qidadan zəhərlənib. Həmçinin, spirtli içkidən də zəhərlənmə hadisələri artıb. Bəllidir ki, Tehran hakimiyyəti spirtli içki istehlakına qadağa qoyub. Ancaq buna baxmayaraq, İran əhalisi rahat şəkildə adıçəkilən içkiləri istehlak edir. Bu isə o deməkdir ki, bu sahəyə nəzarət yox səviyyəsindədir. Kimin əlinə spirtli içki keçsə, onun harada, necə istehsal olunduğunu bilmədən istifadə edir. Məlumdur ki, bu cür içkilər evlərdə kustar şəkildə hazırlanır. Saxta araqlar daha çox Tehranda ermənilərin yaşadığı bölgədə hazırlanır. Baş verən hadisələr onu göstərir ki, İran hakimiyyəti bu sahəyə nəzarət edə bilmir”.
Ekspert hesab edir ki, hicaba qarşı çıxmaq, araq içmək rejimə etiraz etməkdir. Bu isə o deməkdir ki, İran rejimi mənəvi əsaslarını itirir.
Günel CƏLİLOVA