Belçikanın “De Tijd” qəzeti 2022-ci ilin sentyabrında “Şimal axını” boru kəmərində baş verən partlayışdan qısa müddət sonra Belçika hərbi kəşfiyyatının ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən (CIA) bəzi məlumatlar əldə etdiyini yazıb.
Məlumatlarda Ukraynanın Avropanın enerji infrastrukturunun sabotaj edilməsində rolu olduğu iddia edilirdi.
Qəzet yazır ki, Qərb ölkələrinin, o cümlədən Belçikanın kəşfiyyat xidmətləri aylar əvvəl təxribatla bağlı məlumatlandırılıb.
Belçika müdafiə nazirinin mətbuat katibi Ludivine Dedonder qəzetin iddiasını şərh etməyəcəklərini bildirib.
Ötən həftə “Washington Post” qəzetində iddia edilmişdi ki, Mərkəzi Kəşfiyyat İdarəsi keçən il iyun ayında Avropa ölkələrindən birinin kəşfiyyat xidməti vasitəsilə Ukrayna xüsusi əməliyyat qüvvələrinin 6 nəfərlik qrupunun Rusiya qazını Avropaya daşıyan “Şimal axını” boru kəmərində təxribat törətməyi planlaşdırdığına dair məlumatlar əldə edib.
Mart ayında Almaniyada yayılan xəbərlərdə də bildirilirdi ki, araşdırma aparan səlahiyyətlilər Ukraynayönlü bir qrupun ötən il “Şimal axını” boru kəmərlərində təxribat törətdiyinə dair sübutlar aşkarlayıb.
5 kişi və 1 qadından ibarət qrupun 2022-ci ilin sentyabrında Almaniyanın şimalındakı Rostok şəhərində saxta pasportlarla yaxta kirayələdiyi və “Şimal axını” boru kəmərlərində təxribat törətdiyi iddia edilib.
“Şimal axını” boru kəmərində 2022-ci ilin sentyabrında təxribat nəticəsində Baltik dənizi vasitəsilə Rusiya və Almaniyanı birləşdirən boru kəmərlərinə böyük ziyan dəyib.
Təxribatla bağlı təhqiqat Almaniya, Danimarka və İsveçdəki qurumlar tərəfindən aparılır.
TAHİR