
1911-ci ildə Makedoniyada anadan olan Vangeliya Pandeva Dimitrova dünyada “Baba Vanqa” kimi tanınır. Ömrünün çox hissəsini Bolqarıstanda keçirən Vanqanın bitki mütəxəssisi olmaqla yanaşı, mistik güclərə malik olduğu iddia edilir. Baba Vanqanı tədqiq edən və araşdıran bir çox insan onun yaxın keçmişdə yaşanan bir çox hadisəni öncədən gördüyünü deyirlər.
Bu hadisələrdən ən diqqət çəkəni SSRİ-nin dağılması, 2004-cü ildə Tailand sunamisi və Barak Obamanın ABŞ prezidenti seçilməsidir.
Bu arada, “New York Post” qəzeti Vanqanın mümkün nüvə müharibəsi ilə bağlı proqnozlarını yenidən səhifələrinə daşıyıb. Vanqanın 2023-cü ilin sonunda nüvə müharibəsi gözlədiyini bildirən qəzet, onun “Asiya üzərində çökəcək mistik bulud” sözlərini nüvə fəlakəti kimi şərh edib. Vanqaya görə, bir fövqəldövlətin istifadə edəcəyi silahla dünyada həyat təhlükə altına düşəcək.
Onun təxminlərinin yenidən gündəmə gəlməsinə səbəb isə Ukraynada dağılmış Kaxovka su elektrik stansiyasıdır. Bu bənd Krım bölgəsini su ilə təmin etməklə tanınsa da, onun ən mühüm xüsusiyyəti Ukraynadakı atom elektrik stansiyasının soyumasına kömək etmək idi. Su elektrik stansiyasının bombalanması nəticəsində suların nəzarətsiz axması ilə hazırda nüvə fəlakəti ehtimalı da artıb.
Baba Vanqanın 2023-cü il üçün nüvə fəlakətindən başqa daha 3 təxmini də var. Onun təxminlərinə görə, bu il baş verəcək bir hadisə nəticəsində Yerin orbitində cüzi dəyişiklik olacaq. Bu, qlobal istiləşməyə səbəb olacaq. Baba Vanqanın 2023-cü ildə iqlimi sarsıdacaq güclü günəş fırtınasını da proqnozlaşdırdığına inanılır. Vanqanın proqnozlarından biri də doğumdur. Vanqaya görə, bu il inkişaf etdirilən texnologiya ilə bir çox insan süni bətndə doğulacaq.
Öncəgörmələri ilə tanınan Vanqanın, təbii ki, reallaşmayan proqnozları da var. Onlardan biri ABŞ-ın 45-ci prezidentinin ölkəni yıxacağı idi, lakin Donald Trampdan sonra ABŞ hələ də super güc kimi dünyaya liderlik etməkdə davam edir. Vanqa 2010-2014-cü illər arasında yenidən nüvə müharibəsi olacağını da söyləmişdi, lakin bu proqnoz da özünü doğrultmadı.
Tahir TAĞIYEV