Rusiyanın Ukraynada başlatdığı müharibə 428 gündür davam edir. Son günlər bölgədə toqquşmalar intensivləşib. Digər tərəfdən, Ukrayna ordusunun kritik bölgə olan Dnepr çayının qarşı tərəfinə keçdiyi açıqlanıb.
Rusiya ordusu isə mümkün Krım müharibəsinə hazırlaşır. Bu çərçivədə bölgədə məskunlaşan ruslar Krımın sahilyanı ərazilərini tank əleyhinə minalar və müxtəlif maneələr yerləşdirirlər. Analitiklər Ukrayna qoşunlarının mayın sonuna qədər Krıma hücum edəcəyini düşünürlər.
Bu arada Almaniyanın "Bild" qəzeti diqqətçəkən xəbər yayıb. Qəzet yazır ki, Ukrayna qüvvələri bazar günü Putinin səfər etməyi planlaşdırdığı Moskva yaxınlığındakı Rudnevo sənaye bölgəsinə Ukraynadan 17 kiloqram C4 plastik partlayıcı ilə yüklənmiş UJ-22 pilotsuz uçan aparat göndərib.
PUA-nın Rusiya hava hücumundan müdafiə sistemlərini keçsə də, hədəfə yaxın bir yerə düşdüyü, Putinin də obyektə baş çəkmədiyi bildirilir. Qeyd edilir ki, PUA-nın Rudnevo sənaye zonasının təxminən 20 kilometr şərqində yerə düşməsi xəbəri Rusiya mətbuatında öz əksini tapıb.
Sözügedən rayonun Ukrayna sərhədinə qədər olan məsafəsi 60 mil, yəni təxminən 100 kilometrdir. Xəbərin davamında ukraynalı fəal Yuri Romanenkonun tvitinə istinad edilərək hücumun uğursuz olduğu iddia edilib.
“Putinlə yaxınlaşırıq. Moskvaya uçan, lakin partlamayan pilotsuz təyyarə ilə bağlı xəbəri görən varmı?" - "Bild" Romanenko tvitindən sitat gətirib.
Kiyevin kəşfiyyat xidmətləri ilə sıx əlaqələri olduğunu iddia edən Romanenko, Ukrayna məxfi xidmət agentlərinin Putinin sənaye zonasına açıq səfəri ilə bağlı məlumat əldə etdiyini və Rusiya liderini öldürmək üçün kamikadze pilotsuz uçan aparatını işə salmaq qərarına gəldiyini iddia edib.
Tahir TAĞIYEV