Kremlin mətbuat katibi Dmitri Peskovun 33 yaşlı oğlu Nikolay Peskovun 6 ay Ukraynada müharibədə iştirak etdiyi üzə çıxıb.
Rusiya mətbuatına açıqlama verən Nikolay Peskov Rusiyanın muzdlu qruplaşması "Vaqner"in sıralarına qatılaraq döyüşlərdə iştirak etdiyini bildirib: "İllər əvvəl vətənimə xidmət etməyə and içmişdim. Bu, mənim qərarım idi".
Nikolay "Vaqner"ə müraciət etdikdən qısa müddət sonra hərbi təlim keçdiyini və döyüşlərdə iştirak etmək üçün Ukraynanın Luqansk vilayətinə göndərildiyini bildirib.
"Vaqner"ə qoşulmağın onun öz qərarı olduğunu bildirən Peskov prosesi bilmədiyini və atasının ona kömək etdiyini deyib.
Digər muzdluların saxta şəxsiyyət vəsiqəsindən istifadə etdiklərini deyən Peskov onun Ukraynada hansı adla çağırıldığını, bu addan gələcəkdə də istifadə edə biləcəyini deyərək açıqlamayıb.
Rusiyanın muzdlu “Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojin də Kremlin mətbuat katibi Peskovun oğlu Nikolay Peskovun sözlərindən sonra sosial media hesabında açıqlama verib.
Peskovun Ukraynadakı qarşıdurmalarda iştirak etdiyini təsdiqləyən Priqojin deyib: “Əvvəldən sonadək cəsarət və qəhrəmanlıq göstərdi”.
Priqojin Nikolay Peskovun 6 aydır Ukraynada olduğunu və missiyasının sonunda ona şücaət medalı təqdim etdiklərini ifadə edib: “Bir zamanlar mütləq liberal kimi tanınan Dmitri Peskov, oğlunu göndərdi. Mənimlə əlaqə saxlayıb onu artilleriya qoşunlarına götürməyimi istədi”.
Qeyd edək ki, Rusiyada elit bir ailənin üzvünün "Vaqner"ə qoşulması çox nadir görünən haldır. Nikolay Peskov gəncliyini Londonda keçirib və ingiliscə mükəmməl danışır. Keçmişdə Rusiyanın “Russia Today” televiziyasının müxbiri olmuş Nikolay Peskov da atası kimi ABŞ-ın sanksiya tətbiq etdiyi Rusiya vətəndaşları arasındadır.
Rusiya prezidenti Vladimir Putinin “qismən səfərbərlik” qərarından sonra keçən ilin sentyabrında on minlərlə rusiyalı hərbi xidmətdən yayınmaq üçün ölkəni tərk edib. O zaman orduya getməyə tərəddüdlü görünən Nikolay Peskov tənqid edilirdi.
Tahir TAĞIYEV