Fransada tətbiq edilən pensiya islahatına qarşı olan Ümumi Əmək İttifaqının (CGT) enerji qolu Kann Film Festivalının elektrik enerjisini kəsməklə hədələyib.
“Le Parisien” qəzeti xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun ölkəni sakitləşdirmək üçün “100 günlük” fəaliyyət planı vədinə cavab olaraq, CGT-nin enerji qolu qəbul edilmiş pensiya islahatının həyata keçirilməməsini tələbi ilə “100 günlük fəaliyyət və qəzəb” fəaliyyət planını açıqlayıb.
Birlik bir çox mühüm tədbirlərin "qaranlıqda qala biləcəyi" xəbərdarlığı edib: "May ayında nə istəyirsən et! Kann Film Festivalı, Monako Qran Prisi, Roland Qarros turniri, Avignon Festivalı qaranlıqda qala bilər".
Fransada martın 16-da hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra kütləvi nümayişlər başlayıb.
Ölkənin bir çox yerində nümayişlərə şiddətlə müdaxilə edən polislə nümayişçilər arasında zorakılıq yaşanır. Martın 16-dan bəri ölkə boyu keçirilən etiraz aksiyalarında 1000-dən çox adam saxlanılıb.
İslahatın konstitusiyaya uyğun olub-olmadığını müəyyən etmək üçün müxalifət və iqtidarın müraciət etdiyi Konstitusiya Şurası qanun layihəsinin pensiya yaşını 64-ə qaldıran maddəsini təsdiqləyib, 6 maddəni isə tam və ya qismən rədd edib.
Qanun layihəsi Makron tərəfindən imzalanıb və rəsmi qqəzetdə dərc olunub.
Makron bu həftənin əvvəlində ölkəni sakitləşdirmək üçün “100 günlük” fəaliyyət planından danışıb.
TAHİR