Ukrayna hərbi kəşfiyyatı PKK/YPG terror təşkilatı vasitəsi ilə Suriyadakı Rusiya qüvvələrinə gizli hücum planlaşdırıb. “Washington Post” qəzeti yazıb ki, bu barədə məlumat ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sızdırılmış sənədlərində yer alıb.
Qəzetin sızdırılmış sənədlərə istinad etdiyi xəbərində hücum planlarının təfərrüatları və Ukrayna prezidenti Vladimir Zelenskinin əməliyyatı dayandırmasa, prosesin necə davam edəcəyindən bəhs edilir.
Sənədlərdə Ukrayna hərbi kəşfiyyatçılarının Rusiyaya qarşı mümkün hücumda hökumətlə hər hansı əlaqənin olmaması üçün Suriyanın şimalında PKK/YPG yaraqlılarına təlim keçərək hücumları bu qruplar vasitəsilə həyata keçirməyi planlaşdırdığı iddia edilib.
Məxfi sənədlərdə PKK/YPG-nin təlim, maddi-texniki təminat, müdafiə sistemləri və əməliyyatlardakı rolunun gizli saxlanacağına zəmanət veriləcəyi təqdirdə bu təklifi qəbul etməyə hazır olduğu bildirilib.
Zelenskinin ötən il dekabrın sonunda əməliyyat planlarını dayandırdığı bildirilən xəbərdə buna səbəb kimi “kürdlər arası sərhəd nəzarəti və əməliyyat mərkəzinin yaradılması məsələsi” kimi logistik çətinliklərin ortaya çıxması, Ukraynanın məhdud sayda pilotsuz təyyarə tədarükü, hücumların uğurlu olub-olmayacağı şübhəsi və ABŞ-ın təzyiqi ola biləcəyi qeyd edilir.
Sənədlərdə deyilir ki, Rusiyanın Suriya hava məkanına “daha aqressiv” nəzarət etməsi və ya hava hücumundan müdafiə silahlarının yerini dəyişdirəcəyi halda, bu cür hücumlar ABŞ koalisiyasının Suriyanın şərqindəki əməliyyatlarını çətinləşdirəcək.
Qəzet, Ukraynanın Suriyada yeni cəbhə açmaq planı ilə bölgədə daha aktiv olan Rusiya və təhlükəsizlik şirkəti “Vaqner” qüvvələrinin xərclərini və itkilərini artırmağı, beləliklə də Rusiyanın qüvvələrini Ukraynadan Suriyaya yönləndirməyi hədəflədiyini bildirir.
TAHİR