Ukraynaya getmək üçün havaya qalxan Rusiya döyüş təyyarəsi təsadüfən Rusiya şəhərini bombalayıb. Rusiya Müdafiə Nazirliyi Rusiyaya məxsus döyüş təyyarəsinin Ukrayna ilə sərhəddə yerləşən Belqorod şəhərini səhvən bombaladığını açıqlayıb.
Vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, partlayış şəhərin mərkəzində 20 metr enində krater yaradıb. Partlayış nəticəsində iki qadın yaralanıb, bir neçə binaya ziyan dəyib.
Nazirlik SU-34 qırıcısının ehtiyatsızlıqdan sursatını boşaltdığını açıqlayıb.
Açıqlamada, “20 aprel 2023-cü il tarixində Moskva vaxtı ilə saat 22:15-də Hərbi Hava və Kosmik Qüvvələrin Su-34 təyyarəsinin Belqorod şəhəri üzərində uçuşu zamanı aviasiya sursatları qeyri-adi şəkildə yerə düşüb” məlumatı paylaşılıb.
Açıqlamada hadisədə yaşayış evlərinə ziyan dəydiyi və can itkisinin olmadığı, mövzu ilə bağlı birgə araşdırmanın davam etdiyi bildirilib.
TAHİR