ABŞ-da sızdırılan məxfi sənəd böhranı Avropada da ciddi narahatlığa səbəb olub. Bəziləri “gizli”, bəziləri isə “tam məxfi” kimi təsnif edilən sənədlərdə Ukraynanın Rusiyaya qarşı əks-hücum planları da daxil olmaqla bir çox kəşfiyyat məlumatlarını əks etdirir.
ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) sızan sənədlər bəzi Qərb ölkələrinin xüsusi təyinatlı qüvvələrinin Rusiyanın işğalı ilə üzləşən Ukraynada fəaliyyət göstərdiyini də üzə çıxarıb.
BBC-nin xəbərinə görə, xüsusi təyinatlıların harada olduğu və Ukraynada nə işlə məşğul olduqları barədə ətraflı məlumat olmasa da, orada İngiltərə, Latviya, Fransa, ABŞ və Hollandiya kimi ölkələrdən hərbçilərin olduğu üzə çıxıb. Bildirilir ki, Ukraynadakı ən böyük xarici xüsusi təyinatlı 50 nəfərlik heyətlə Böyük Britaniyaya məxsusdur. İngiltərəni Latviya (17), Fransa (15), ABŞ (14) və Hollandiya (1) izləyir.
Qeyd edək ki, Rusiya bir müddətdir bölgədə təkcə Ukrayna ilə deyil, NATO ilə də döyüşdüyünü iddia edirdi. Sızdırılan sənədlər Rusiyanın haqlı ola biləcəyini ortaya qoyur.
Britaniya Müdafiə Nazirliyi bu məsələlərlə bağlı heç bir şərh verməyib. Bununla belə, nazirliyin Twitter hesabında yer alan paylaşımda sızan Amerika sənədlərində ciddi səhvlərin olduğu bildirilib.
Onu da xatırladaq ki, Britaniya ABŞ-dan sonra Ukraynaya ən çox hərbi və maliyyə yardımı göstərən ölkədir. Britaniya xüsusi təyinatlıları müxtəlif ixtisaslara malik bir neçə elit hərbi hissədən ibarətdir və öz sahələrində dünyanın ən bacarıqlı bölmələri sırasında sayılırlar.
Tahir TAĞIYEV