Rusiyanın muzdlu qruplaşması “Vaqner”in son vaxtlar şiddətli toqquşmaların baş verdiyi Baxmut şəhərində Rusiya bayrağını sancdığı iddia edilir. "Vaqner"in lideri Yevgeni Priqojin Rusiya bayrağını Baxmut şəhər meriyasına qaldırdığını elan edib. Baxmutun hazırda qanuni olaraq Rusiyanın əlində olduğunu deyən Priqojin bu barədə çəkdirdiyi video ilə açıqlama verib.
Ukrayna isə iddiaları təkzib edərək ordusunun hələ də Rusiyanın aylardır ələ keçirməyə çalışdığı Baxmutda olduğunu açıqlayıb.
"Düşmən Baxmuta hücumunu dayandırmadı. Bununla belə, Ukrayna əsgərləri düşmənin çoxsaylı hücumlarını dəf edərkən şəhəri cəsarətlə əllərində saxlayırlar", - Ukrayna Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Müharibə Tədqiqatları İnstitutunun (ISW) təhlilinə görə, Rusiya qoşunları şəhəri cənub və şərqdən mühasirəyə almağa çalışsa da, Ukrayna iki gün əvvəl Baxmutun böyük hissəsini əlində saxlayırdı. İnstitut onu da qeyd edib ki, şəhər şurasının binası şərqdən yaxınlaşan Rusiyanın bu yaxınlarda ələ keçirdiyi şəhərin bu hissəsində yerləşir.
Digər tərəfdən, rəsmi olaraq özəl hərbi şirkət adlandırılan "Vaqner"in əsgərlərinin əksəriyyəti Rusiya həbsxanalarından azad edilmiş və qrupun sayını artırmaq üçün xidmətə qəbul edilən məhbuslardır. Baxmutda "Vaqner" qoşunlarından başqa nizami rus ordusunun qoşunları da döyüşür.
Baxmut Ukraynanın şərqindəki son qala kimi böyük əhəmiyyət kəsb edir. Bununla belə, Rusiya onu hərbi texnika və canlı qüvvə üçün mühüm bir mənbəyi kimi görür. Rus generaliteti düşünür ki, Baxmutun ələ keçirilməsi onlara daha çox ərazi qazanması üçün tramplin təmin edə bilər.
Keçən ilin dekabrında şəhərin Rusiya üçün əhəmiyyəti ilə bağlı İngiltərə Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın Baxmutu ələ keçirməsi onlara Kramatorsk və Sloviansk kimi daha böyük şəhər ərazilərində irəliləməyə imkan verəcək.
Tahir TAĞIYEV