ABŞ-ın keçmiş prezidenti Donald Tramp sabah Nyu-Yorkda məhkəmə qarşısına çıxacaq. Manhetten prokuroru Alvin Bragg ittihamları Trampa 30 başlıq altında oxuyacaq.
İttihamnamə Donald Trampın 2016-cı il prezident seçkiləri öncəsi münasibətdə olduğu Stormi Danielsə susmaq qarşılığında 130 min dollar verməsi ilə bağlı ittihamlar əsasında hazırlanıb.
Bununla yanaşı Tramp tərəfdarları məhkəmə zamanı Nyu-Yorkda nümayiş keçirməyə hazırlaşır. Nümayişdə Respublikaçılar Partiyasından bəzi konqresmenlərin də iştirakı gözlənilir. Nyu York Polis Departamenti məhkəmə günü üçün bütün icazələri ləğv edib. Trampa dəstək nümayişi zamanı 38 min polis tətikdə olacaq.
Trampın vəkili Co Takopina bildirib ki, keçmiş prezidentə qarşı hər hansı ittihama qəti şəkildə etiraz ediləcək. "O, bu döyüşə hazırdır. Biz bu döyüşə hazırıq. Və onu təmizə çıxarmaq üçün bu məsələnin mümkün qədər tez həll olunmasını səbirsizliklə gözləyirəm" - Takopina deyib.
Qərardan sonra ona qarşı ittihamları “siyasi təqib və Amerika Birləşmiş Ştatlarına hücum” kimi qiymətləndirən Donald Trampın hələlik iki yolu var. Tramp ya təslim olacaq, ya da müqavimət göstərəcək.
Tramp təslim olarsa, ondan əvvəl barmaq izi alınacaq, sonra isə həbs fotosu çəkiləcək. Nəhayət, Trampın cinayətləri onun üzünə oxunacaq və məhkəmə prosesi başlayacaq. Seçkilərdə namizəd olacağını açıqlayan Trampın müqavimət göstərəcəyi təqdirdə seçki kampaniyasını bu görüntülər əsasında aparacağı bildirilir.
Tahir TAĞIYEV