Ukrayna Krım yarımadası Rusiyadan geri alınacağı təqdirdə həyata keçirilməsi nəzərdə tutulan 12 maddəlik plan hazırlayıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov tərəfindən açıqlanan planda yarımada ilə Rusiya arasında avtomobil və dəmir yolu əlaqəsini təmin edən Krım körpüsünün sökülməsi də nəzərdə tutulur.
2014-cü ildə Krımın ilhaqından sonra regionda Rusiya hakimiyyətinə xidmət etmiş şəxsləri “zibil” adlandıran Danilov sözügedən şəxslərin vəzifədən azad ediləcəyini deyib. O, sözügedən prosesi İkinci Dünya Müharibəsindən sonra Almaniyanın faşistlərdən təmizlənməsi prosesi ilə müqayisə edib.
Danilov bildirib ki, planın ikinci mərhələsində ruslarla əməkdaşlıq edən və Ukrayna dövlətinə xəyanət edən prokurorlar, hakimlər və təhlükəsizlik işçiləri mühakimə olunacaq. Həmçinin 2014-cü ildən sonra Krım yarımadasında məskunlaşan rusların bölgədən qovulacağı və əmlak alışlarının ləğv ediləcəyi bildirilib.
Nəhayət, Danilov qeyd edib ki, “Rus təbliğatının əhalinin bir hissəsində ictimai şüura tətbiq olunan nəticələrini zərərsizləşdirmək üçün genişmiqyaslı təmizləmə proqramı həyata keçiriləcək”. O, bir çox siyasi məhbusların, o cümlədən Krım tatarlarının dərhal azad ediləcəyini vurğulayıb.
TAHİR