İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu ölkədə davam edən etirazlarla bağlı sosial media hesabından açıqlamalar verib və ABŞ-ı ittiham edib.
Breibart xəbər saytının İsraildəki kütləvi etirazlara dəstək verən Bacarıqlı Hökumət Hərəkatının ABŞ-dan maliyyələşməsinə dair xəbərinə toxunan Y.Netanyahu İsraildəki etirazların arxasında ABŞ Dövlət Departamentinin dayandığını bildirib.
"Məqsədləri Netanyahunu devirmək və iranlılarla razılaşmaqdır" - oğul Netanyahu yazıb.
ABŞ Dövlət Departamenti sözçüsünün müavini Vedant Patel İsrailin baş naziri Netanyahunun oğlu Yairin İsraildəki etirazların ABŞ tərəfindən maliyyələşdirildiyi iddialarına münasibət bildirib.
"Bu ittihamlar tamamilə və açıq şəkildə yalandır. Bacarıqlı Hökumət Hərəkatı müstəqil qeyri-hökumət təşkilatıdır və əvvəlki administrasiyanın təşəbbüsü ilə həyata keçirilən proqram çərçivəsində Dövlət Departamentindən maliyyə vəsaiti almış və ən son maliyyələşdirməsi 2020-ci ilin sentyabrında, İsrail seçkilərindən xeyli əvvəl olmuşdur. Bu yardım Yerusəlimdəki məktəblərin təhsil proqramlarını dəstəkləmək üçün verilib” - Patel deyib.
Sözçü Patel İsraildə ölkə daxilində kütləvi etirazlara və tətillərə səbəb olan məhkəmə tənzimləməsinin təxirə salınmasını "alqışladıqlarını" da bildirib.
Qeyd edək ki, İsraildə mübahisəli məhkəmə islahatlarına qarşı kütləvi etirazlar davam edir.
Tahir TAĞIYEV