Rusiya Minskə taktiki nüvə silahı daşıya bilən 10 təyyarə göndərdi...

Rusiya prezidenti Vladimir Putin Rusiya dövlət televiziyasına müsahibəsində Strateji Silahların Azaldılması Müqaviləsinin (START) öhdəliklərinə uyğun olaraq Belarusda nüvə silahı yerləşdirəcəklərini açıqlayıb.
Putin bunu Belarus prezidenti Aleksandr Lukaşenkonun tələbi ilə etdiklərini deyib. Putin bildirib ki, Rusiya artıq Belarusa taktiki nüvə silahı daşıya bilən 10 təyyarə göndərib.
"Biz Belarusa nüvə silahı vermirik. ABŞ da müttəfiqlərinə vermir. Biz onların illərdir etdiklərini edəcəyik. Onların müəyyən müttəfiqləri var və ekipajları da onlar hazırlayır. Biz də eyni şeyi etməyə qərar verdik. Strateji Silahların Azaldılması Müqaviləsinin öhdəliklərini pozmadan biz belaruslu dostlarımızı dəstəklədik və buna uyğun olaraq 10 təyyarələrini bunun üçün (nüvə silahı daşımağa görə) hazırladıq. Bu 10 təyyarə belə silahlardan istifadə etməyə hazırdır”, - deyə Rusiya prezidenti bildirib.
Belarusda da işlərini davam etdirdiklərini bildirən Putin, aprelin 3-dən etibarən ekipajların təliminə başlayacaqlarını deyib: "İyulun 1-dək də xüsusi anbarın tikintisini başa çatdıracağıq”.
Putin Böyük Britaniyanın Ukraynaya nüvə mərmiləri göndərmək qərarına yenidən toxunaraq bunun risqli olduğunu deyib: “Bunlar, əlbəttə ki, kütləvi qırğın silahları kateqoriyasına aid deyil. Onlar bir növ radiasiya tozu yaradırlar və buna görə də təhlükəli silahlardır. İstifadə edilərsə, kənd təsərrüfatı torpaqlarının çirklənməsi qaçılmaz olacaq. Buna görə də yerli sakinlər və ətraf mühit üçün təhlükə yaranacaq".
Tahir TAĞIYEV