
Emmanuel Makron Fransada kütləvi etirazlara səbəb olan pensiya yaşını 2 il artıran pensiya islahatı qanun layihəsi ilə bağlı canlı yayımda sualları cavablandırıb.
Ancaq qalmaqallı qanunu canfəşanlıqla müdafiə edən Makronun elə canlı yayımda taxtığı saat yeni qalmaqala yol açıb.
Qanun layihəsini müdafiə etmək üçün "minimum maaş alanlar çox yaxşı yaşayır" ifadələrini işlədən Makronun yadına elə həmin vaxt biləyindəki 80 min avroluq saatı düşür və dərhal əllərini masanın altına soxur. Onun stolun altında saatı çıxarmaq cəhdləri canlı yayında diqqətlərdən yayınmır. Makron qısa müddətdə saatı qolundan çıxarıb yandakı masanın üzərinə qoyaraq çıxışına davam edir.
Canlı yayımın əvvəlində hər tərəfdən çəkiliş aparan kameralar, Makronun saatını masanın üzərində göstərməmək üçün qalan yayımı yalnız iki kamera ilə aparmağa məcbur olur.
Heç kimin fərqinə varmadığını düşünən Makron isə videonu tam şəkildə Youtube səhifəsində yerləşdirib. Lakin Makronun gizlətmə cəhdləri əks nəticə verib və həmin anlar əvvəlcə Fransada, sonra isə bütün dünyada müzakirə mövzusuna çevrilib.
Tahir TAĞIYEV