
Ötən ilin payızında İranda keçirilən kütləvi etirazlar zamanı rejimin əsas dayağı olan SEPAH-ın bir qrup hərbi qulluqçusu Tehranda dövlət obyektlərini artilleriya atəşinə tutmağı planlaşdırırmış.
Hədəflərdən biri kimi də İranın ali rəhbəri Əli Xameneyinin iqamətgahı seçilib. Ancaq üsyan planının üstü açılıb, iştirakçıları saxlanıb.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə məlumat müxalif "İran İnternational" saytı tərəfindən açıqlanan 44 səhifəlik sənəddə yer alıb. Sənəd Xamenei ilə SEPAH-ın 45 yüksək rütbəli komandiri və din xadimi arasında yanvarın 3-də baş tutan görüşdən sonra hazırlanıb.
İclas zamanı komandanlığın nümayəndələri şəxsi heyət və kiçik zabitlər arasındakı sözügüdən hallar barədə məlumat verib. Qeyd eeedilib ki, etirazlar hərbçilərin mənəvi durumlarına mənfi təsir göstərib, onların bir çoxu rejimə qarşı olanlara rəğbət bəsləyib. Buna sıravi işçilərin əməkhaqlarının aşağı olması şərait yaradıb.
Aksiyalar zamanı fərarilik, qrup şəklində etirazçılara qarşı zor tətbiq etməkdən imtina, əsgərlərin nümayişçilərə köməketmə halları olub. SEPAH hərbçilərinin çoxsaylı ailə üzvləri, o cümlədən yüksək rütbəli zabitlər etirazlarda fəal iştirak edib və həbs ediliblər.
İclas iştirakçıları Xameneidən tabeliyində olanların həbs edilmiş ailə üzvlərinə qarşı yumşaq davranması, habelə SEPAH əməkdaşlarının həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görməsini xahiş ediblər.