
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putin və Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.
BCM-dən verilən yazılı açıqlamada, "Rusiya-Ukrayna müharibəsi zamanı ukraynalı uşaqların Rusiyaya qaçaqmalçılıq yolu ilə gətirilməsi cinayətinə" görə Putin və Lvova-Belova barəsində həbs qərarı çıxarıldığı bildirilib.
Açıqlamada hər iki şübhəlinin "ukraynalı uşaqların qanunsuz yollarla Rusiyaya aparılması cinayətində" iştirak etdiyi bildirilib və Putinin nəzarətində olan şəxslərin bu cinayəti törətməsinə mane olmamaqdan məsul olduğu bildirilib.
Açıqlamada Putin və Lvova-Belovanın ukraynalı uşaqları deportasiya edərək hərbi cinayətlər törətmələrinə dair kifayət qədər şübhənin olduğu bildirilib və həbs qərarının BCM Baş Prokurorluğunun 22 fevral 2023-cü il tarixli sorğusu əsasında verildiyi qeyd edilib.
Qeyd edilir ki, ilkin olaraq zərərçəkmişlərin müdafiəsi üçün həbs qərarının gizli saxlanılması nəzərdə tutulub, lakin cinayətlərin hələ də davam etdiyini nəzərə alınaraq, yeni cinayətlərin qarşısının alınması üçün məhkəmə qərarı ictimaiyyətə açıqlanıb.
Qərardan sonra ilk açıqlama Ukraynadan gəlib. Ukrayna prezident administrasiyası "bu qərar hələ başlanğıcdır" deyib.
Rusiya isə məhkəmənin qərarını tanımadıqlarını bildirib. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “bu qərar bizim üçün heç bir əhəmiyyət kəsb etmir".
Tahir TAĞIYEV