
Qara dənizdə Rusiya ilə ABŞ arasında gərginliyi artıran insident baş verib. ABŞ-ın MQ-9 Reaper tipli Pilotsuz Uçuş Aparatı (PUA) Qara dənizdə beynəlxalq hava məkanında Rusiyanın iki Su-27 döyüş təyyarəsi tərəfindən sıxışdırılıb. Sözügedən manevr zamanı təyyarələrdən biri PUA-ya çırpılıb və nəticədə zədələnən PUA Qara dənizə düşüb.
İnsidentlə bağlı ABŞ-ın Avropa Qüvvələr Komandanlığının (EUCOM) yaydığı yazılı açıqlamada, Qara dəniz üzərində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 kəşfiyyat, müşahidə pilotsuz uçuş aparatını iki Rusiya Su-27 təyyarəsinin qeyri-peşəkar şəkildə önləməyə çalışdığı qeyd edilib.
“Səhər saat 7.30 radələrində Rusiyanın Su-27 təyyarələrindən biri MQ-9-un pərvanəsinə çırpılıb. ABŞ-ın MQ-9-u Qara dənizdə beynəlxalq sulara düşüb. Toqquşmadan əvvəl Su-27 ətraf mühitə ziyan vuraraq qeyri-peşəkar şəkildə MQ-9-a yanacaq püskürdüb və onun qarşısına keçib. Bu hadisə qeyri-peşəkarlığın, eləcə də səriştəsizliyin göstəricisidir” - məlumatda deyilir.
Bu hadisənin rus pilotların silsilə təhlükəli hərəkətlərinin davamı olduğuna diqqət çəkilən açıqlamada, bu davranışların təhlükəli olduğu və səhv hesablamalara səbəb ola biləcəyi qeyd edilib.
Qara dəniz üzərində pilotsuz təyyarə vurulduqdan sonra Rusiyanın Vaşinqtondakı səfiri ABŞ Xarici İşlər Nazirliyinə çağırılıb.
ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrika üzrə komandanı general Ceyms B.Heker isə bildirib ki, MQ-9 beynəlxalq hava məkanında Rusiya təyyarəsi tərəfindən vurularkən adi əməliyyatlar həyata keçirirdi. MQ-9-un qəzaya uğradığını deyən Heker, rus pilotun bu davranışının az qala öz təyyarəsinin də qəzaya uğramasına səbəb olacağını bildirib.
“ABŞ və müttəfiqlərinin təyyarələri beynəlxalq hava məkanında fəaliyyətini davam etdirəcək və biz Rusiyanı öz əməliyyatlarını peşəkar və təhlükəsiz şəkildə aparmağa çağırırıq”, - ABŞ generalı bildirib.
Qara dənizdəki gərginlikdən sonra Ağ Evdən verilən açıqlamada ABŞ təyyarəsinin heç kimə təhlükə yaratmadığı və beynəlxalq hava məkanında adi əməliyyatlar həyata keçirdiyi bildirilib.
Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, ABŞ-a məxsus MQ-9 PUA-sı Ukraynadakı əməliyyatlara görə Qara dənizdə beynəlxalq standartlara uyğun olaraq bütün hava məkanı istifadəçilərinə bildirilən “müvəqqəti keçid zonası”nı pozub. Açıqlamada, MQ-9-un Rusiya dövlət sərhədlərinə doğru istiqamətləndiyi təsbit edildikdən sonra Rusiya döyüş təyyarələrinin havaya qalxdığı qeyd edilib: “Moskva vaxtı ilə saat 09.30 radələrində edilən kəskin manevr nəticəsində MQ- 9 PUA su səthinə çırpılıb. Rusiya döyüş təyyarələri silahdan istifadə etməyib, PUA ilə təmasda olmayıb və sağ-salamat bazaya qayıdıb".
Qeyd edək ki, ABŞ Ukrayna-Rusiya müharibəsi başlayandan bəri Qara dəniz üzərində regionu müşahidə etmək üçün "Reaper" pilotsuz təyyarələrindən istifadə edir.
Hazırda Qara dənizdə vurulan MQ-9 PUA-nın qalıqlarını toplamaq üçün ABŞ-ın heç bir hərbi gəmisi yoxdur.
Tahir TAĞIYEV