Rusiya qazını Avropaya daşıyan “Şimal axını” boru kəmərlərinə qarşı təxribatla bağlı yeni iddia ortaya atılıb. Amerikanın “Nyu York Tayms” qəzeti yazır ki, ABŞ rəsmiləri tərəfindən araşdırılan yeni kəşfiyyat məlumatlarına əsasən, keçən il “Şimal axını” boru kəmərlərinə qarşı təxribatın Ukraynayönlü qrup tərəfindən təşkil olunduğu ehtimal edilir.
Məlumatda adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən deyilir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin və ya onun yüksək səviyyəli köməkçilərinin əməliyyatda iştirakına dair heç bir sübut yoxdur. Xəbərdə ABŞ rəsmilərinin cinayətkarlar və əlaqələri haqqında bilmədikləri çox şey olduğu bildirilir. Qeyd edilir ki, yeni toplanmış kəşfiyyat məlumatları qrupun Rusiya prezidenti Vladimir Putinə qarşı olduğunu göstərir, ancaq əməliyyata kimin rəhbərlik etdiyi və ya maliyyələşdirdiyi bilinmir.
Almaniyanın "Die Zeit" qəzetindəki başqa bir xəbərdə isə partlayıcının yerləşdirildiyi qayığın iki ukraynalıya məxsus kirayəli yaxta olduğu bildirilib. Xəbərdə hadisənin Ukraynaya qarşı saxta əməliyyat ola biləcəyi ehtimalının da nəzərdən keçirildiyi bildirilir.
İddialara münasibət bildirən Zelenskinin baş müşaviri Podolyak Ukrayna hökumətinin hücumda əli olmadığını deyib.
Kremlin sözçüsü Dmitriy Peskov isə bu xəbəri “koordinasiya edilmiş dezinformasiya” adlandırıb.
“Aydındır ki, hücumu hazırlayanlar diqqəti yayındırmaq istəyirdilər”, - Peskov bildirib.
Tahir TAĞIYEV