Gürcüstan paytaxında keçirilən etiraz aksiyasında toqquşmalar baş verib. Şəhərdə vəziyyət deputatlar xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etdikdən sonra gərginləşib.
Müxalifət parlamentin spikeri Şalva Papuaşvilinin ofisinə daxil olmağa çalışıb. Bu zaman polis və xüsusi təyinatlılarla qarşıdurma baş verib. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Gürcüstan Daxili İşlər Nazirliyi hadisələrlə bağlı bəyanat yayıb. Bəyanatda Tbilisinin Rustaveli prospektində parlament binası yaxınlığında keçirilən etiraz aksiyasının ifadə azadlığı və dinc toplaşmaq haqqında qanunun müəyyən etdiyi sərhədləri aşaraq zorakılığa çevrildiyi bildirilib.
Qeyd edilib ki, gün ərzində polis parlament binası qarşısında səfərbər olub və aksiyanın dinc keçirilməsini təmin edib. "Axşam saatlarında plenar iclasdan sonra etirazçılar parlamentə polisin icazə vermədiyi girişlərdən birini bağlamağa cəhd ediblər. Eyni zamanda, nazirlik əməkdaşlarına qarşı zorakılıq, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalardan atəş açılması faktları da olub.
Etirazçıların zorakı hərəkətləri nəticəsində bir neçə asayiş keşikçisi yaralanıb, polis texnikası zədələnib", - deyə qeyd olunub.
Bildirilib ki, nazirliyin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, aksiya iştirakçıları zorakılıq hərəkətlərini davam etdirib, polisin göstərişinə tabe olmayıb, bundan sonra polis qanunla verilmiş səlahiyyətlər daxilində proporsional güc və xüsusi vasitələrdən istifadə edib.
TAHİR