Minsk yaxınlığındakı aviabazada Rusiyanın nəhəng casus təyyarəsi olan "Beriev A-50" tipli erkən xəbərdarlıq təyyarəsinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.
Məlumatlara görə, təyyarə ciddi zədələnib, ön və orta hissələrinə, elektron sistemlərinə və radar antenalarına ciddi ziyan dəyib. Hücum Belarusda hökumət əleyhinə fəaliyyət göstərən BYPOL təşkilatı tərəfində həyata keçirilib.
Sözügedən təyyarənin dəyəri təxminən 280 milyon avrodur. Rusiyada bu təyyarələrdən cəmi 9 ədəd olduğu bildirilir. Putinin casus təyyarələri Ukraynada bombalanacaq hədəfləri aşkar etmək üçün istifadə olunur.
BYPOL təşkilatının lideri Aliaksandr Azarov açıqlamasında hücumun planlaşdırılmasının bir neçə ay çəkdiyini və “partizanların” gələcəkdə daha çox hücumlar həyata keçirməyə çalışacağını bildirib. Ölkədəki müxalifət siyasətçilərini dəstəkləyən keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarının daxil olduğu BYPOL hökumət tərəfindən terror təşkilatları siyahısına salınıb.
Tahir TAĞIYEV