Amerika Birləşmiş Ştatları 13 fevral 2023-cü ildə uçan naməlum bir obyekti (UNO) vurduğunu elan etdikdən sonra Rusiyada da fevralın 28–də naməlum obyektin göründüyü xəbərləri yayıldı.
Məlumata görə, Rusiya Sankt-Peterburq şəhəri üzərində müşahidə edilən naməlum obyektə görə hava məkanını bağlayıb.
Yerli KİV yazır ki, səhər saatlarında Rusiya hərbi təyyarələri naməlum obyekti axtarmaq üçün havaya qalxıb, hakimiyyət orqanları isə Pulkovo hava limanı üzərində hava məkanını bağlayıb.
“Flightradar” təyyarə izləmə sistemi Sankt-Peterburq üzərində heç bir mülki təyyarə aşkar etməyib. Şəhərdən təxminən 160 kilometr kənarda yerləşən hava limanı bütün uçuşları ləğv edib.
Manu Qomez adlı bir ekspert Twitter-də yazıb ki, hava limanında “naməlum obyekt”lə bağlı “çoxlu xəbərlər” var. Qomez, ikisi Su-35 və MiQ-31 olmaqla, ən azı beş Rusiya hərbi təyyarəsinin UNO-nun qarşısını almaq üçün havaya qaldırıldığını deyib.
Digər tərəfdən UNO-nun Finlandiya körfəzi istiqamətində də göründüyü iddia edilib. Bundan başqa, oxşar görüntülərin Şimali Qafqaz və Beloqrodda da müşahidə edildiyi bildirilir.
Qeyd edək ki, fevralın əvvəlində Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) Çin şarını və Alyaska və Kanada üzərində görünən naməlum bir obyekt vurmasından sonra ABŞ-Kanada sərhədində daha bir uçan naməlum obyekt müşahidə edilmişdi. NORAD ABŞ-Kanada sərhədindəki Miçiqan və Huron göllərinin ərazisini uçuş üçün qısa müddətə bağladıqdan sonra naməlum obyekti havada vuraraq zərərsizləşdirmişdi.
ABŞ prezidenti Co Bayden "Əgər hər hansı bir obyekt ABŞ vətəndaşlarının təhlükəsizliyini təhdid edərsə, onu vuracağıq. Səmadakı cisimlərin sayının birdən-birə artdığına dair heç bir dəlil yoxdur. Bu günlərdə naməlum obyektləri daha çox görəməyə başlamışıq, çünki radarlarımızın sayını artırmışıq” deyib.
Əvvəl ABŞ, ardınca Rusiyada naməlum obyektlərin görünməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xüsusilə “Rusiya UNO vurub? Yadplanetlilər Yerə hücum edir?” kimi suallar müzakirə edilir...
Tahir TAĞIYEV