Ötən il fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin verdiyi əmrlə başlayan Ukraynanın işğalı bir ilə yaxındır şiddətli qarşıdurmalarla davam etdiyi bir vaxtda rus qoşunları arasında fikir ayrılığının olduğu ortaya çıxdı. Kreml nə qədər inkar etsə də, “Vaqner” muzdlu qruplaşmasının lideri Yevgeni Priqojinin son bəyanatı Rusiyanın ordu birlikləri arasında ciddi qarşıdurmaların olduğunu göstərir.
“Vaqner” qruplaşmasının lideri Priqojin Moskvanın yüksək vəzifəli şəxslərinin qruplaşmanı silah-sursatla təmin etməkdən imtina etdiyini və hətta onları məhv etməyə çalışdığını iddia edib. Bununla da kifayətlənməyən Priqojin Rusiya rəsmiləri ilə şəxsi muzdlu qruplaşma arasında gərginliyi daha da artıran bəyanatlar verib. O, Rusiyanın Baş Qərargah rəisini və müdafiə nazirini “vətənə xəyanətdə” ittiham edib.
Priqojin deyib ki, Baş Qərargah rəisi Valeri Vasilyeviç Gerasimov və müdafiə naziri Sergey Şoyqu sağa-sola nəinki "Vaqner"ə silah-sursat verilməməsi, hətta hava nəqliyyatı dəstəyindən imtina edilməsi barədə əmr verirlər. "Vaqner"i məhv etmək cəhdinin və qruplaşmaya qarşı müxalifətin olduğunu deyən Priqojin Rusiya Ali hərbi komandanlığını "Vaqner" döyüşçülərinə səngər qazmaq üçün kürək verilməsini belə qadağan etməkdə günahlandırıb.
"Vaqner" liderinin açıqlamalarından sonra Rusiya Müdafiə Nazirliyi onu təkzib edərək cəbhədəki könüllülərə döyüş sursatı daşınmasının məhdudlaşdırılmadığını bildirib. Hücum birliklərinin döyüş sursatı ehtiyaclarının ən qısa zamanda qarşılandığı ifadə edilən açıqlamada, yaxın günlərdə Ukraynadakı qoşunlara yeni tədarüklərin ediləcəyi bildirilib. Priqojinin açıqlamalarını şərh eedən Rusiya Müdafiə Nazirliyi bildirib ki, döyüş birləşmələri arasında parçalanma yaratmaq cəhdləri əks effekt verir və yalnız düşmənin xeyrinə işləyir.
Priqojin Rusiya-Ukrayna müharibəsi başlayandan Baxmut müharibəsinə rəhbərlik edirdi, lakin Moskva ilə münasibətlər gözlənilmədən getdikcə pisləşməyə başladı. Bu il isə Priqojinin müharibədə əsir götürmək hüququ əlindən alındı, eyni zamanda Kremlin Priqojinin təsirini azaltmaq üçün tədbirlər gördüyünə dair bəzi əlamətlər də müşahidə edilməyə başlandı.
Rusiya Müdafiə Nazirliyi Priqojinin ilkin ittihamlarını rədd etdikdən sonra "Vaqner" lideri səsli mesaj yayaraq bunun “Vaqner"ə tüpürməkdən başqa bir şey olmadığını” bildirib və cəbhədəki adamlarının ərzaq təchizatında problemlər olduğunu deyib.
Bundan əlavə, Rusiya lideri Putin iki gün əvvəl xalqa müraciətində "Vaqner"lə rus ordusu arasındakı qarşıdurmaya işarə edərək “Qoşunlar arasındakı ziddiyyətlərdən, kin, anlaşılmazlıq və digər cəfəngiyyatlardan qurtulmalıyıq” deyib.
Qeyd edək ki, Priqojin bir müddət əvvəl Rusiyanın Ukraynadakı nizami ordusunu tənqid edib və Moskvanın “dəhşətli bürokratiyasını” hərbi uğurları ləngitməkdə ittiham etmişdi. Eyni zamanda Priqojin rus ordusunu qələbəni "Vaqner"dən “oğurlamağa” cəhd etməkdə də ittiham edir.
Tahir TAĞIYEV