ABŞ prezidenti Co Bayden 24 fevral 2022-ci ildə başlayan Rusiya işğalından sonra ilk dəfə Kiyevə gedib. Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşən Baydenin səfərinin əslində sürpriz olmadığı ortaya çıxıb.
Fransanın AFP xəbər agentliyinə danışan Ağ Ev rəsmisi səfər barədə Rusiyaya saatlar öncədən məlumat verildiyini və bölgədə hər hansı münaqişə risqinin aradan qaldırıldığını bildirib. Baydeni Kiyev səfərində müşayiət edən ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da mətbuata açıqlamasında bunu təsdiqləyib: “Ruslara prezident Baydenin Kiyevə gedəcəyini bildirdik. Bunu Kiyevə gəlməmişdən bir neçə saat əvvəl etdik ki, regionda mümkün münaqişəni aradan qaldıraq. Ancaq ruslara nə dediyimizi və hansı cavabı aldığımızı bölüşmək fikrində deyiləm" - Sullivan deyib.
İngiltərə mətbuatı isə Baydenin Kiyevə necə getdiyini ortaya çıxarıb. Qeyd edilir ki, Bayden ilk olaraq ABŞ-dan Almaniyaya gedib. Buradan Polşaya gedən Bayden Ukraynaya dəmir yolu ilə gedib. 10 saatlıq qatar səfərindən sonra Kiyevə çatan Bayden stansiyadan düşən kimi xüsusi karvanla Zelenski ilə görüşə gedib.
Səfərin məxfiliyinə gəlincə, səfərdən əvvəl heç bir məlumat sızdırılmayıb. Dünya yalnız Baydenin səfərindən Kiyevə gələndən sonra xəbər tutub. Ancaq Ağ Ev rəsmisi bildirib ki, onların əsas məqsədi səfəri tamamilə məxfi saxlamaq imiş.
Tahir TAĞIYEV