Ukrayna prezidenti Zelenski bu yaxınlarda Moldova prezidenti Maia Sanduya "Rusiyanın Moldovadakı siyasi sabitliyi pozmaq planını" ələ keçirdiklərini deyib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov isə bəyan edib ki, Rusiya çeçen qoşunlarını Rusiyayönlü qüvvələrin (Dnestryanı bölgə) hakimiyyətə gəlməsini təşkil etmək üçün Moldovaya göndərə bilər.
Ukrayna tərəfindən səsləndirilən iddialara münasibət bildirən Çeçenistan prezidenti Ramazan Kadırov bildirib ki, Rusiya prezidenti Vladimir Putindən əmr gələrsə, çeçen qoşunları hətta Amerikaya da gedə bilərlər: "Ali Baş Komandandan (Putindən) əmr gəlsə, biz hətta Amerikaya getməyə hazırıq, Moldovanı çox geridə qoyarıq. Və belə bir əmr müzakirə edilməz, yerinə yetirilir. Bunu həyata keçirmək üçün lazımi gücümüz də var”.
Kadırov sonda “Odessa, Xarkov və Kiyevdən keçərək Polşaya çatacağıq” deyib.
Ukraynadan gələn açıqlamalara ABŞ Dövlət Departamenti də münasibət bildirib. Departamentin sözçüsü Ned Prays bildirib ki, Vaşinqton Moldovanın demokratik yolla seçilmiş hökumətində sabitliyi pozmaq üçün Rusiyaya aid edilən “sui-qəsd” barədə xəbərlərdən dərin narahatdır.
"Hazırda biz hələ də Moldovaya birbaşa hərbi təhlükə görmürük. Moldovalı tərəfdaşlarımızla sıx təmasdayıq. Biz prezident Maia Sandu qətiyyətlə dəstəkləyirik və yeni hökumətlə əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyirik”, - məlumatda belə qeyd olunur.
Qeyd edək ki, Moldova prezidenti Sandu keçən ay Amerikanın “Politico” qəzetinə verdiyi müsahibədə ölkəsinin neytrallıq prinsipindən əl çəkərək NATO-ya üzv ola biləcəyi mesajını vermişdi.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə "Moldovada demokratik olmayan seçki ilə hakimiyyətə gələn və eyni zamanda Rumıniya vətəndaşı olan prezident Maia Sandu NATO-nun istəklərini yerinə yetirməyə can atır. Moldova prezidenti, yaxın gələcəkdə ölkəsinin Rumıniya ilə birləşmə planları qurduğunu da gizlətmir” deyərək bu siyasətə qarşı olduqlarını bildirib.
Lavrov Qərb dövlətlərinin Ukraynadan sonra diqqətlərini Moldovaya yönəltdiyini deyib: "Moldovanı ikinci Ukrayna etmək istəyirlər".
Lavrova cavab verən Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi isə Rusiyanı ölkənin qərarlarına hörmətlə yanaşmağa çağırıb: "Rusiya nazirinin həqiqətə əsaslanmayan və Rusiya diplomatiyasının məlum təhdid ritorikasının bir hissəsi olan bəyanatlarını qəti şəkildə rədd edirik. Rusiya tərəfinə xatırlatmaq istərdik ki, Moldova Respublikasının keçdiyi yol Avropa Birliyinə daxil olmaq yoludur”.
Tahir TAĞIYEV