ABŞ hava məkanına daxil olan Çinə aid hava şarını vurduqqdan bir həftə sonra Kanada da naməlum obyektin vurulduğunu açıqlayıb. Cümə günü ABŞ Alyaska üzərində də uçan daha bir obyektin məhv edildiyini açıqladı. Sosial mediada müzakirələrə səbəb olan hadisə ilə bağlı bir ABŞ rəsmisi, son obyektin quruda "hərbi təhlükə" kimi görülmədiyini söyləyib.
Ağ Evdən verilən açıqlamada üçüncü obyektin ABŞ prezidenti Co Bayden və Kanadanın baş nazirinin əmri ilə vurulduğu bildirilib. Kanadanın Baş naziri əlavə edib ki, Kanada qüvvələri "obyektin qalıqlarını toplayacaq və təhlil edəcək".
Kanadanın müdafiə naziri Anita Anand 12 min metrdən çox hündürlükdə uçan cismin "Kanadanın hava məkanına qeyri-qanuni daxil olduğunu və mülki uçuşlara təhlükə yaratdığını" bildirib.
Obyektin səhər saatlarında ABŞ-Kanada sərhədindən təxminən 160 km aralıda vurulduğunu deyən Kanadanın müdafiə naziri, bunun keçən həftə Şimali Karolinada məhv edilən hava şarından kiçik "silindrik bir cism" olduğunu söyləyib. Obyektlə bağlı analizlərin davam etdiyini bildirən Anand, onun mənbəyi ilə bağlı fərziyyələr yürütməyin məqsədəuyğun olmadığını deyib.
ABŞ-ın naməlum mənşəli obyektin vurulduğunu elan etməsindən sonra Uruqvay, Yaponiya və Çin də öz hava məkanında naməlum uçan obyektlərin görüldüyünü bildirib.
Xəbər və görüntülər dünyada rezonans doğurduqdan sonra sosial media hesabında paylaşım edən İlon Mask "Narahat olmayın, sadəcə bir neçə yadplanetli dostum gəlib..." deyib.
“New York Times"a danışan prezident Baydenə yaxın rəsmilər, Şimali Amerika hava məkanında aşkarlanan naməlum obyektlərin yerdənkənar fəaliyyətə dair heç bir dəlil olmadığına əmin olduğunu söyləyib.
TAHİR