Türkiyədə "əsrin fəlakəti" kimi xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlər nəticəsində şəhərdə dağılan binalarla bağlı başladılan istintaq davam edir.
Qeyd edək ki, 9 saat ara ilə baş verən iki zəlzələ nəticəsində Kahramanmaraş, Hatay, Qaziantep, Malatya, Osmaniye, Adıyaman, Adana, Diyarbəkir, Kilis və Şanlıurfada minlərlə bina çöküb.
Qaziantep Prokurorluğu, zəlzələdən sonra ölən və yaralananlar, dağılan və zərər görən binalarla bağlı istintaq başladıb. Prokurorluq əməkdaşları artıq bəzi dağılmış binaların materiallarının nümunələrini toplamağa başlayıblar. Zəlzələdə dağılmış çox sayda binanı inşa etmiş tikinti şirkətlərinin yüzdən çox əməkdaşının saxlanması üçün orderlər verilib.
Son məlumatlara görə, Adıyamanda zəlzələlərdən zərər çəkən bir çox binanın sahibi olduqları müəyyən edilən Yavuz Karakuş və Sevilay Karakuş İstanbulda saxlanıb.
İstanbul Hava Limanı Şöbə Müdirliyi qrupları Hava Limanı Xarici Terminalda yoxlama zamanı iki nəfəri saxlayıb. Araşdırmalar zamanı Yavuz Karakuş və həyat yoldaşı Sevilay Karakuşun Adıyamanda baş verən zəlzələdə dağılan bir çox binanın podratçısı olduğu və Gürcüstana getməyə çalışdıqları müəyyən edilib.
Saxlanan zaman onların üzərində 16 min dollar və 20 min lirə olub.
Digər tərəfdən, dünən İstanbulda tutularaq Qaziantepdə çökən Ayşe Mehmet Polat Kompleksinin podratçısı Mehmet Ertan Akay və Qaziantepdə dağılan Bahar Mənzilinin podratçısı İbrahim Mustafa Uncuoğlu da Qaziantepə aparılıb.
Qaziantepdə baş verən zəlzələdə dağılan Pamukoğlu Sahəsinə rəhbərlik edən inşaat mühəndisi isə Afyonkarahisarda saxlanıb.
Nazir Bəkir Bozdağ Kahramanmaraşda baş verən zəlzələlərdə dağılan binalara görə, məsuliyyət daşıyan 134 şübhəlinin həbsinə order verildiyini və onlardan 3-nün həbs olunduğunu açıqlayıb. Nazir aparılan istintaq çərçivəsində 7 nəfərin saxlandığını, 7 şübhəlinin ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.
Tahir TAĞIYEV