Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Qərb ölkələrinin rəsmiləri və siyasətçilərin bəyanatlarında əsasən Ukraynada sülhün ancaq Rusiyanın məğlub olduğu halda bərqərar olacağı fikri ön plana çıxdı.
Bununla yanaşı Qərbdə Ukraynaya ağır silahların göndərilməsi ilə bağlı ciddi müzakirələr də başlayıb. Moskva isə Qərbi nüvə müharibəsi ilə hədələyir.
Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurası sədrinin müavini olan Dmitri Medvedev xəbərdarlıq edib ki, nüvə dövləti olan Rusiyanın məğlub edilməsi nüvə müharibəsinə səbəb ola bilər.
“Ukraynada sülhün ancaq Rusiya məğlub olduğu halda bərqərar olacağı” fikrini dəstəkləyənlərə xəbərdarlıq edən Medvedev deyib: "Yoxsul insanların heç biri bu əsas nəticəni çıxarmağı düşünmür: Adi müharibədə nüvə dövlətinin məğlubiyyəti nüvə müharibəsinə səbəb ola bilər. Nüvə gücləri talelərinin asılı olduğu böyük münaqişələrdə məğlub olmayıblar”.
Tahir TAĞIYEV