ABŞ Rusiya prezidenti Vladimir Putinin dostu Yevgeni Priqojin tərəfindən yaradılan rus muzdlu qrupu “Vaqner”ə qarşı yeni qərar qəbul edib.
Qərar Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi tərəfindən açıqlanıb.
Kirbi bildirib ki, Yevgeni Priqojinin rəhbərlik etdiyi rus muzdlu dəstəsi ABŞ Maliyyə Nazirliyi tərəfindən “ciddi beynəlxalq cinayətkar təşkilat” kimi tanınacaq.
Kirbi Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” hərbi şirkəti arasında fikir ayrılıqları olduğunu iddia edərək “Vaqner” qrupunun döyüş meydanında əsas qüvvəyə çevrildiyini bildirib.
“Vaqner” qrupu və onun müxtəlif qitələrdəki tərəfdarlarına qarşı əlavə sanksiyalar tətbiq edəcəklərini ifadə edən Kirbi, Şimali Koreyanın keçən il Ukraynada istifadə etmək üçün “Vaqner” qrupuna silah verdiyini göstərən peyk fotolarını da paylaşıb. Kirbi Şimali Koreyadan gələn silahların qatarla Rusiyaya çatdırıldığını iddia edib.
Kirbi Şimali Koreyanın hərəkətlərini pisləyib və qeyd edib ki, bu ölkədən silah ötürülməsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin birbaşa pozulmasıdır. Kirbi məsələ ilə bağlı BMT-ni məlumatlandırdıqlarını da sözlərinə əlavə edib.
Tahir TAĞIYEV