Moskvada bəzi inzibati binaların damlarında Pantsir hava hücumundan müdafiə sistemi (HHM) yerləşdirilib. Sözügedən görüntülərin sosial şəbəkələrdə yayımlanması Kremlin Moskvaya mümkün hava hücumuna hazırlaşdığına dair söhbətlərə səbəb olub.
Yayılan görüntülərdə Moskva çayı kənarında Rusiya Müdafiə Nazirliyinin istifadə etdiyi səkkiz mərtəbəli bir binanın damında “Pantsir S1” hava hücumundan müdafiə sisteminin quraşdırıldığı görülür.
Digər görüntüdən isə məlum olur ki, Moskvanın Taqanka rayonunda, Kremldən 4 km cənub-şərqdə yerləşən təlim binasının damında da hava hücumundan müdafiə sistemi yerləşdirilib.
Rusiya hərbi rəsmiləri raket sistemlərinin quraşdırıldığını təsdiqləməyib. Lakin Rusiya mediası son həftələrdə Moskvaya uzaqmənzilli S-400 raket sistemlərinin yerləşdirildiyini yazıb.
Kreml yönümlü bloggerlər bildiriblər ki, Moskvada raket sistemlərinin yerləşdirilməsi hərbi liderlərin indi öz şəhərlərinə hücumlardan narahat olduğunu göstərir.
Moskvada raket sistemlərinin görüntüləri Qərb müdafiə nazirlərinin Ukraynaya yeni hərbi yardım paketi, o cümlədən ağır tankların tədarükü ilə bağlı müzakirələrindən əvvəl ortaya çıxıb.
Tolantıdan əvvəl NATO ölkələrini Ukraynanı qabaqcıl silahlarla təmin etməkdən çəkinməyə çağıran Rusiya rəsmiləri, bunun potensial nüvə münaqişəsini tətikləyə biləcəyi barədə xəbərdarlıq ediblər.
Tahir TAĞIYEV