Rusiya-Ukrayna müharibəsində bir ilk yaşanıb. Rusiyanın muzdlu “Vaqner” qrupunun keçmiş tağım komandiri 26 yaşlı Medvedev Norveçə qaçıb. Sərhədə Norveç sərhədçiləri tərəfindən saxlanan Medvedev Ukraynada törədilən hərbi cinayətlərə şahid olduqdan sonra “Vaqner” qrupundan ayrıldığını deyib.
Norveç sərhəd qoşunları rus muzdlunun 198 km-lik Rusiya sərhədindən ölkəyə daxil olduğunu təsdiqləyib. Medvedev isə fərarilik zamanı rus əsgərlərinin arxadan ona atəş açdığını bildirib: “Arxamda itlərin hürdüyünü eşitdim, keçid məntəqələrinin işıqlarını yandırıb atəş açmağa başladılar. Başımın üzərində güllələr vızıldayırdı. Mən dayanmadan meşəyə tərəf qaçdım. Telefonumu sındırıb atdım və işıqları yanan evlərə doğru qaçmağa davam etdim”.
Norveçin Finnmark bölgəsinin polis rəisi bildirib ki, sərhəd qüvvələri tərəfindən əsir götürülən şəxs "sığınacaq tələb edib". Medvedevin Rusiyanı tərk etməsinə Rusiyanın hüquq müdafiə təşkilatı “Gulagu” kömək edib. Medvedev həm də Qərb ölkələrinə qaçan ilk “Vaqner” əsgəridir.
Onun müharibə zamanı şahidi olduğu bəzi insan haqları pozuntularına dair sübutları da Norveçə apardığı bildirilir.
Tahir TAĞIYEV