İsrail Baş Qərargah rəisi Aviv Kohavi İranın dörd nüvə bombası istehsal etməyə kifayət edəcək qədər zənginləşdirilmiş maddəyə malik olduğunu iddia edib.
İsrail İctimai Yayım Təşkilatı KAN xəbər verir ki, səlahiyyət müddəti yanvarın 16-da başa çatacaq Kohavi media mənsubları ilə görüşüb.
“Bu gün İranda üçü 20 faiz, biri isə 60 faiz olmaqla dörd nüvə bombası istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş maddə var” - Kohavi jurnalistlərə deyib.
Keçən il İrandakı nüvə obyektlərini məhv etmək üçün üç hücum planı üzərində çalışdıqlarını deyən Kohavi, böyük bir müharibə olacağı təqdirdə hərbi bölgələrin də hədəf siyahısında olacağını qeyd edib.
“Son illərdə İranın nüvə obyektlərinə və bir çox başqa hədəflərə hücum üçün hazırlıqları sürətləndiririk” deyən Kohavi bildirib.
Yanvarın 16-da səlahiyyət müddəti başa çatan Kohavinin yerinə Herzi Halevi Baş Qərargah rəisi postunu tutacaq.
Tahir TAĞIYEV