“Mixeil Saakaşvili bizim vətəndaşdır və təbii ki, ona müvafiq dəstək göstərəcəyik”. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yerli mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün səhər Gürcüstan səfirliyinin nümayəndəsi Ukrayna XİN-ə çağırılıb: “Onunla bu məsələ danışılacaq. Biz Ukraynanın hər bir vətəndaşını bəlaya düşdüyü halda müdafiə edirik”.
Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolneko isə bildirib ki, Ukrayna tərəfi Gürcüstandan keçmiş prezident Mixeil Saakaşvilinin urkaynalı konsulla görüşlə bağlı tələbini yerinə yetirməyi xahiş edib.
O deyib ki, bu məsələ Gürcüstanın Ukraynadakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili ilə XİN-də bu gün keçirilən görüşdə müzakirə olunub.
Ukrayna tərəfi M.Saakaşvilinin qanunla müəyyən edilmiş hüquqlarının tam qorunmasının zəruriliyini vurğulayıb.
Rəsmi Kiyevin Gürcüstanın daxili işlərinə qarışmamaqla bağlı prinsipial mövqeyi diqqətə çatdırılıb.
Qeyd edək ki, 8 ildən sonra Gürcüstana qayıdan Ukrayna vətəndaşı M.Saakaşvili ötən gün Tbilisidə saxlanılıb. Rustavi şəhərində penitensiar müəssisəyə yerləşdirilmiş siyasətçi aclıq elan edib və Ukrayna konsulu ilə görüş istəyib.
2015-ci ildən Ukrayna vətəndaşı olan 53 yaşlı siyasətçi hazırda bu ölkənin İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin rəhbəridir.