Avstraliya ilə Fransa arasında sualtı gəmi qalmaqalı - Paris Kanberran və Vaşinqtondakı səfirlərini geri çağırdı

img

Fransa ABŞ və Avstraliyadakı səfirlərini məsləhətləşmək üçün dərhal Parisə geri çağırıb. Fransa Xarici İşlər Nazirliyi bununla bağlı kommunike yayıb.

Kommunikedə bildirilir ki, Fransanın ABŞ və Avstraliyadakı səfirləri məsləhətləşmə üçün geri çağırılıb. Diqqətə çatdırılıb ki, bu qərar sentyabrın 15-də ABŞ və Avstraliya tərəfindən verilən bəyanatların ciddiliyinə görə qəbul edilib.

Kommunikedə Avstraliyanın Fransa ilə sualtı qayıqların tikintisinə dair layihədən imtina edərək ABŞ-la bu sahədə əməkdaşlığa başlamaq məqsədilə yeni tərəfdaşlığın elan edilməsinin müttəfiqlər və tərəfdaşlar arasında qəbuledilməz davranış olduğu vurğulanır.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan-İv Lö Drian bir neçə gün əvvəl Avstraliyanın davranışını “arxadan vurulan zərbə” kimi xarakterizə edib.

Avstraliya XİN-in rəhbəri isə Fransanın məyusluğunu başa düşdüklərini bildirərək, fransız həmkarları ilə “konstruktiv və sıx əməkdaşlıqda şəraitində işləməyə davam edəcəklərini” deyib.

Son xəbərlər