Fransa Malini şantaj etməyə başladı - "Rusiyanın “Vaqner” qrupu ilə əməkdaşlıq etsəniz..."

img

"Rusiyanın “Vaqner” muzdlu hərbçilərlə Malidəki hərbi rejimlə əməkdaşlığı ilə bərabər Fransa Silahlı Qüvvələrinin bu ölkədə mövcudluğu mümkün deyil".

“Report” DW-yə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv le Drian bildirib.

Onun sözlərinə görə, Afrikanın qərbində yerləşən bu ölkədəki xunta Rusiyanın “Vaqner” xüsusi hərbi şirkəti ilə əməkdaşlığa dair müqavilə imzalasa, Fransa qoşunlarını Malidən çıxaracaq.

Fransa mənbələri bildirib ki, Mali ordusuna təlim keçmək üçün ölkə rəhbərliyi minə yaxın rusiyalı muzdlu dəvət etməyi planlaşdırır. Hakimiyyət Rusiya tərəfi ilə bu istiqamətdə danışıq apardığını təsdiqləsə də, razılaşma əldə etmədiklərini vurğulayıb.

Xatırladaq ki, bu ilin avqustunda Malidə hərbi devriliş olub, Prezident İbrahim Bubakar Keyta, bir sıra mülki vəzifəlilər, hərbi rəhbərlik həbs edilib, parlament və hökumət buraxılıb. Hakimiyyəti ələ keçirən xunta özünü “Xalqın Qurtuluşu Milli Komitəsi” adlandırıb.

“Vaqner” qrupu Rusiyanın nizami ordusuna daxil olmayan qeyri-rəsmi hərbi təşkilatdır. O, Rusiya ərazisində heç bir hüquqi statusa malik deyil. Bu hərbi birləşmənin üzvlərinin sayı müxtəlif vaxtlarda 1350-2500 nəfər olub. Rusiyanın rəsmi dairələri belə hərbi birləşmənin mövcudluğunu inkar edirlər. “Vaqner”in Suriya, Liviya, Mərkəzi Afrika Respublikası, Sudan, hətta Ukraynın Donbas bölgəsində döyüşlərdə iştirak etdiyi və təlim keçdiyi bildirilir.

Son xəbərlər