Türkiyə öz hərbçilərini Əfqanıstandan çıxarmağa başlayıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bu addımın mövcud vəziyyət və şərtlər qiymətləndirildikdən sonra atıldığı qeyd edilir: “Türk Silahlı Qüvvələri onlara həvalə edilən bu vəzifəni uğurla yerinə yetirmənin qüruru ilə Vətənə qayıdır. Digər ölkələrin əsgərləri ilə Həmid Kərzai hava limanındakı qarışıqlığa müdaxilə edildi və aeroportda təhlükəsizlik təmin olundu. Bu müddətdə hərbi təyyarələrimiz ilə 1 129 mülki şəxs təxliyə edilib".
Qeyd edək, Türkiyə Əfqanıstandakı Beynəlxalq Təhlükəsizlik Kömək Qüvvələrində (İSAF) xidmət göstərən əsgərlərini 2002-ci ilin iyununda bu ölkəyə göndərmişdi. 1400 əsgərdən ibarət Türkiyə hərbi birliyi içində Kabil aerodromunu qoruyan hava qüvvələri personalı da var idi.
"Taliban" 15 avqustda paytaxt Kabili də ələ keçirdikdən sonra Əfqanıstandakı diplomatik missiya nümayəndələri, xarici əsgər və yerli vətəndaşların buradan ayrılması sürətlənib.