ABŞ hakimiyyəti hesab edir ki, Əfqanıstandan insanları təxliyə edən hərbi nəqliyyat təyyarələri ciddi təhlükə altındadır.
Trend-in məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığının rəhbəri general Stiv Layons Pentaqonda keçirilən brifinq zamanı bildirib.
Kabilə gələn və şəhərdən ayrılan ABŞ hərbi nəqliyyat təyyarələrini hansı təhlükə gözləyə bilər suallarına cavab olaraq bildirib: "Bu, ciddi bir təhlükədir. Təffərüatlara varmaq istəməzdim".
Onun sözlərinə görə, Nəqliyyat Komandanlığı mümkün təhdidləri müəyyən etmək üçün ABŞ Mərkəzi Komandanlığı ilə daim əlaqə saxlayır: "Əminəm ki, bunların qarşısını almaq üçün bütün lazımi tədbirləri görürük".
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays isə deyib ki, ABŞ Əfqanıstanın paytaxtındakı beynəlxalq hava limanına gələcəkdə nəzarəti məsələsini müttəfiqləri ilə və Talibanla müzakirə edir.
Vaşinqtonun təxliyyəsi başa çatdıqdan sonra Kabildəkı hava limanının silahlılara məxsus olacağı barədə tərəfdaşları ilə müzakirə edib-etmədiyi ilə bağlı sualına cavab olaraq bildirib: "Şəxsi söhbətlərin detallarına girə bilmərəm, amma deyə bilərəm ki, bu, "Taliban"la müzakirə mövzusu olub. Bu, müttəfiqlərimizlə müzakirə mövzusu, bir çox tərəfdaşlarımızla müzakirə mövzusu olub".